14 avqust 2024 08:24
383

Gələn ay Cəbrayıla ilk köç başlayır

İşğaldan azad olunduqdan dərhal sonra bərpa və yenidənqurma işlərinin başlandığı bu şəhərə ilin sonuna kimi 712 ailənin köçürüləsi planlaşdırılır

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçısı postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq özünün dəyərli tovsiyələrini verib. Təsadüfi deyil ki, Böyük Qayıdışla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsindən indiyə qədər təxminən 11 milyard manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində məhz 4 milyard manat vəsaitin Qarabağa xərclənməsi nəzərdə tutulur. Bu da işğaldan azad olunmuş ərazilərdən məcburi köçmüş insanların geri qayıdışı ilə bağlı problemlərin həllində maliyyə mənbəyi kimi çıxış edəcək. 2022-2026-cı illər ərzində Böyük Qayıdışın bərpasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Proqramı qəbul edilib. Nəzərdə tutulan Dövlət Proqramının həyata keçiriləcəyi təqdirdə 2022-2026-cı illərdə 34 min ailənin, təxminən 140 min insanın Qarabağa qayıdışı təmin edilmiş olacaq. Təkcə 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Belə ki, Füzuli şəhərinə - 380 ailə, 1392 nəfər, Laçın şəhərinə - 383 ailə, 1475 nəfər, Ağalı kəndinə - 175 ailə, 871 nəfər, Talış kəndinə - 20 ailə, 90 nəfər, Zabux kəndinə - 203 ailə, 783 nəfər köçürülüb. Ümumilikdə indiyədək işğaldan azad edilmiş ərazilərə 1161 ailə, 4611 nəfər köçürülüb. Hazırda bu proses davam etməkdədir. Həmçinin müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu şəhər və kəndlərdə sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Artıq Ağalı, Talış kəndlərində, Füzuli şəhərində, Zabuxda, Laçında həyat bərpa olunub. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarının, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa ediləcəyinin, eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının xoş müjdəsini verib.

Azad edilmiş digər rayonlarımızın sakinləri kimi, cəbrayıllılar da ikinci nəfəs verilmiş doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər və o günün uzaqda olmadığını bilirlər. Artıq sentyabrda Cəbrayıla ilk köç baş tutacaq. Bunu Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov deyib. "Növbəti ay Cəbrayıla ilk köç başlayacaq. Təxminən 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin inşası və əhalinin köçürülməsi nəzərdə tutulub. Ümid edirik ki, növbəti ildə Cəbrayıl könüllüləri qrupu da fəaliyyətə başlayacaq və biz gənclərimizin işğaldan azad olunmuş ərazilərdə daha fəal daha hərəkətverici qüvvə olaraq iştirakını görəcəyik", - deyə Əkbərov bildirib.

Qeyd edək ki, Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. Prezident İlham Əliyev bu il mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, birinci mərhələdə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3 min 193 sakin köçürüləcək. Birinci mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Baş plana əsasən, kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Onu da vurğulayaq ki, Cəbrayıl şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması ilə bağlı işlər sürətlə davam etdirilir. Şəhərin coğrafi mövqeyi və relyefi də onun yaşıllıqlara qərq olmuş məkan kimi planlaşdırılmasına imkan verib. Baş plana əsasən, yaşıllıqların ümumi sahəsi 110 hektar təşkil edəcək. Bununla da şəhər ərazisinin 18 faizi yaşıl zonalardan ibarət olacaq. Əhalinin əsas istirahət zonası olaraq Çaylaqçay ətrafında salınması təklif edilən “yaşıl zolaq” mərkəzi park kimi müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün əhalinin açıq məkanlara çıxışını təmin edəcək. Şəhərə ilin sonuna kimi 712 ailənin köçürüləsi planlaşdırılır.

Xatırladaq ki, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğalçıdan təmizləndi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavend rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfəri baş tutmuşdu. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını qaldırdı. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə də Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrilib.

Sevinc Azadi, “İki sahil”