14 avqust 2024 11:06
341

Baqrat Qalstanyanın irqçi çağırışı bəşəri cinayətdir

Erməni kilsəsi yenidən sülhə qarşı

Ermənistanla Azərbaycan arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Tarixə nəzər salsaq Azərbaycana qarşı düşmənçiliyin, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı törədilən vəhşiliklərin,  Qarabağda həyata keçirilən qırğınların, önündə bu kilsənin getdiyini sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanıb həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynamışdır.

Erməni diasporu kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib və etməkdədir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar.

Ümumiyyətlə, erməni kilsələrinin rəhbərlərinin çıxışlarında daim qızışdırıcı, təhrikedici tələblər səsləndirmək, insanları qarşıdurmaya sövq etmək artıq ənənə halını alıb. Bu günlərdə Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan Qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob ruhlu bəyanat verib. Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın qərbi azərbaycanlılar barədə bəyanatına cavabında bildirib ki, din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox Qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, ona siyasi və ksenofob don geyindirməyə çalışıb.

Göründüyü kimi, erməni kilsəsinin həyasızlığı artıq Ermənistan hakimiyyətinin abırsızlığını arxa plana keçirməkdədir. Qalstanyan kimiləri həmin həyasızlığın pik nöqtəsində dayanır. Ümumiyyətlə, adını “keşiş”, “yepiskop” qoymuş Baqrat kimi təxribatçılar əslində terrorçu zehniyyətə malikdirlər. Bu yırtıcı erməni keşişlərinin canlarından çıxmayan şovinist-revanşist ideyaları körükləmək isə heç bir fayda verməyəcəkdir.

Belə görünür ki, bu üzdəniraq din xadiminin, yəni Baqrat Qalstanyanın əsas məqsədi ölkədə revanşistlərin hakimiyyətini yenidən bərpa etməkdir. Son zamanlar Nikol Paşinyana qarşı genişlənən etiraz aksiyalarının başında da məhz Baqrat Qalstanyanın dayanması bunu bir daha sübut edir. Bu məqsədlə keşiş müxtəlif "şou"lar nümayiş etdirməklə ictimaiyyətin fikrini yayındırmağa çalışır. Bununla yanaşı, Baqrat Qalstanyan indiyədək rəsmi İrəvanın Bakı ilə normallaşma istiqamətində atdığı addımların əleyhinə ardıcıl fikirlər səsləndirir. Digər bir vacib məqam isə arxiyepiskopun Ermənistanın müxtəlif regionlarına səfərlərini davam etdirməsi və özünə tərəfdaş toplaması ilə bağlıdır. Arxiyepiskopun bu fəaliyyəti, onun Ermənistanın gələcəyi ilə bağlı səmimi olmadığını və yalnız öz siyasi ambisiyalarını həyata keçirmək niyyətində olduğunu göstərir. Qalstanyan bir neçə gün öncə Şiraka səfəri zamanı "Azatutyun"a müsahibəsində deyib ki, Nikol Paşinyanı istefaya məcbur edəcək və sentyabrın əvvəlində yeni etiraz kampaniyasına başlayacaq. Ermənistan mediasında yayılan xəbərə görə, Qalstanyan bundan sonra öz "şou"sunu kütləvi tədbirlərlə deyil, ona tərəfdar olanlarla müzakirələr əsasında davam etdirəcəyini bildirib. Arxiyepiskop, eyni zamanda, İrəvanda sentyabrdan etibarən "qaynar payız"ın başlayacağını da vurğulayıb. Baqrat Qalstanyanın bu açıqlamasından sonra hakim "Vətəndaş müqaviləsi" partiyası diqqətini həmin anonsun mümkün ssenarisinə yönəldib. Qalstanyanın bəhs etdiyi zaman isə Ermənistan parlamentinin növbəti sessiyasının işə başlayacağı vaxta təsadüf edir. Bu baxımdan, Paşinyan hakimiyyəti Qalstanyanın parlamentə müdaxiləsinin qarşısını almağın yollarını axtarır.

Diqqəti cəlb edən məqamlardan biri də budur ki, Baqrat Qalstanyan öz "şou"suna Azərbaycanla Ermənistan arasında pozitiv məcrada keçən delimitasiya prosesindən sonra başladı. Etiraz aksiyaları zamanı isə Qalstanyana tərəf çıxanların əslində erməni xalqının istəyi və taleyi barədə düşünmədiyi üzə çıxdı. Məsələn, arxiyepiskop mayın 9-da Respublika meydanında çıxış edəndə Azərbaycanla razılaşmaların əleyhinə olduğunu bildirməklə yanaşı, Paşinyanın istefasını da tələb etdi. Amma keşiş Azərbaycanla münasibətlərə hər hansı alternativ planı olduğunu açıqlamadı. Bu da təsadüfi deyil, çünki onun heç bir alternativ planı yoxdur. Baqratın yeganə məqsədi nə yolla olur-olsun, hakimiyyətə gəlməkdir.

Nigar Orucova, “İki sahil”