14 avqust 2024 02:26
399

Etibarlı tərəfdaş

Qazaxıstan Azərbaycanın tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biridir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Ölkələrimiz arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar həyata keçirilir.  Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçıları Azərbaycana ümumilikdə 15 rəsmi səfər ediblər. Yüksək səviyyəli siyasi əlaqələr qardaşlıq münasibətlərindən xəbər verir. Eyni zamanda, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin haqq işinə bir daha diqqət çəkərək bildirdi ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ölkə başçısı diqqətə çatdırdı ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Görüşdə Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır:“Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”

Dövlət başçımız, həmçinin bildirdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti böyükdür. Bundan əlavə, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının bariz nümunəsidir.

Azərbaycanın həyata keçirdiyi meqalayihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi və bu iqtisadi dəhlizlər ətrafında yaradılan böyük quruculuq və infrastruktur işləri diqqətəlayiqdir. Əlavə olaraq, Azərbaycan etibarlı tranzit ölkə kimi öz mövqeyini artıq sübut edib və respublikamızın türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir.

Göründüyü kimi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da daha da inkişaf  edəcəkdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”