13 avqust 2024 15:04
406

Xalq şairi Nəriman Həsənzadə ilə gənclərin görüşü keçirilib - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, akademik Nəriman Həsənzadə ilə gənclərin görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, “MədəniyyətimİZ” proqramı çərçivəsində baş tutan tədbirində çıxış edən layihə koordinatoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Riad Cəbrayılov proqramın 2023-cü il – Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilməyə başlanıldığını bildirib. Qeyd olunub ki, bugünədək 2700 nəfərdən çox mədəniyyətsevərə nüfuz edən layihənin sayca 25-cü görüşü keçirilir. Ölkə gənclərinin mədəniyyət xadimləri ilə yaradılan dialoq imkanı eyni zamanda sahə üzrə peşəkar fərdlərin yetişməsinə də xidmət göstərildiyi bildirib.  

Görüşdə Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatı və poeziya mədəniyyətinin tarixi və inkişafı, müasir dövrümüzdə ədəbi dəyərlərin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşüb, habelə gənc yazıçı Nadir Yalçının moderatorluğu ilə “Azərbaycan ədəbiyyatı: zamanın fövqündə yaşanan hadisələr, gələcəyə baxış”, “Ümummilli Lider Heydər Əliyevin qələm adamları ilə dostluq münasibətləri” və “Gənclərin ədəbi yaradıcılığının inkişafı” mövzularında panel müzakirə aparılıb. 

Tədbirin bədii hissəsində tarda Eynulla Əliyev və kamançada Şamxal Cəbiyevin müşayiəti ilə gənc xanəndə Mədinə Səlimovanın ifasında “Yaman gözəldir”, “Şeir deyilmi” və “Dumanlı Təbriz” pyesindən Qönçələb xanımın mahnısı tamaşaçılara təqdim olunub, Xalq şairi Nəriman Həsənzadənin şeirləri səsləndirilib.

 “MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.