Ermənistanın işğalından azad edilmiş ərazilərimizin bərpasına Mərkəzi Asiya ölkələri dəstək verirlər. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Cənab Prezident bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə bir daha öz təşəkkürünü bildirib. Dövlət başçımız öz çıxışında bunu da qeyd etdi ki, bu gün bütün dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi önəm kəsb edir.
Azərbaycanın Vətən müharibəsindən sonra Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri daha da gücləndirmək üçün xüsusi fəallıq göstərir, konkret addımlar atır. İlk növbədə nəqliyyat-logistika imkanlarının genişlənməsi üçün səylər artırılıb. Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Sirr deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycandan keçir. Orta Dəhliz bütün dünya dövlətləri tərəfindən maraqla qarşılanır. Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Bu səbəbdən cənab Prezident öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri kimi məhz nəqliyyat-tranzit sahəsində əməkdaşlığı vurğuladı. Qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir və artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı