12 avqust 2024 23:58
436

Biz heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq

Dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var

Dövlət başçısı İlham Əliyev son 20 ildən artıq dövrün hədəflərinin uğurla yerinə yetirilməsinin təsdiqi olan 7 fevral  növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində   böyük qürur hissi ilə bu çağırışı etdi: «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!  Bu yeni dövr uğurla başlayır.  Əminəm ki,  uğurla da davam edəcək.» 

Tarixi Zəfərimizdən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq yeni dövrün reallıqları fonunda mütəmadi olaraq Qələbəyə qədər ölkəmizin keçdiyi yola nəzər salır, həyata keçirilən  siyasətin  düşünülmüş və məqsədyönlü olduğu geniş təhlil edir və bundan böyük qürur hissi keçiririk. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışlarından biri bu oldu ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi  ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.  Bu gün isə Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev bildirir ki,  bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun  göstərdiyi inam və  vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq,  öz taleyimizi özümüz,  ölkə qarşısında duran problemləri  heç kimin köməyi olmadan həll edirik.  

30 ilə yaxın dövrdə Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün hər bir sadəcə gücləndi, diplomatik uğurlara imzalar atdı və tarixi ədalətin bərpa ediləcəyinə böyük inamla yanaşdı. Ermənistanın reallıqdan uzaq, yalan üzərində qurulan təbliğatına, himayədarlarının ona dəstəyinə baxmayaraq ölkəmiz heç zaman ruhdan düşmədi, əksinə hücum diplomatiyasını uğurla həyata keçirərək yalan təbliğata qarşı faktları qoydu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə Azərbaycanın diplomatik uğurları əhəmiyyətli rol oynadı. Döyüş meydanında  üstünlük qazanan Azərbaycan informasiya cəbhəsində  mübarizəni bu gün də uğurla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən   «Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq» fikrinin davamı olaraq onu da bildirir ki, indi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır: «Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.»

Əzəli torpaqlarına qovuşan Azərbaycan 4 ilə yaxındır ki, çal-çağırlı günlərini yaşayır.  Qeyd etdiyimiz kimi,  30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmiayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama  əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial  mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev  çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.» Dövlət başçısı İlham Əliyev ötən il oktyabın 15-də  Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi,  dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.»

Elə bir güclü ordu yaratdıq ki, bu gün  istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.  Azərbaycan Ordusu  Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, ötən il  cəmi 23 saat davam edən antiterror əməliyyatı  gücümüzü göstərdi. Düşmən  yenə də  ağ bayraq qaldıraraq təslim oldu.

Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Adı Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının  memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyimiz müraciətində onu da bildirmişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin  ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Bu illər ərzində  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki,  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu  bu sənədlərdə öz əksini tapıb. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini  istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.

Son dörd ilə yaxın vaxt Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 iliyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması  özündə mühüm mesajları ehtiva etdi. Cənab İlham Əliyev Xankənd, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı. Reallıq budur ki, cənab İlham Əliyev  Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı Zəfərlərə qovuşdurur,  yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanır. Qeyd etdiyimiz kimi,  Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu.  Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki,  həmin ölkələr  o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib.  Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» bildirən  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki,  Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə  onsuz da hazır olmalıyıq.  Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.

Yazının əvvəlində də Prezident İlham Əliyevin fikirlərinə istinadən bu mühüm məqamı xüsusi qeyd etdik ki, Azərbaycanın atdığı addımlar konkret məqsədə xidmət edir. Növbəti hədəfimiz tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdışdır. Bunun üçün zəruri olan addımlar atılır. Qayıdış Konsepsiyası uğurla icra edilir. Gün gələcək bu hədəfimiz də reallığa çevriləcək. Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin hər biri müjdələrlə zəngindir.

Yeganə Əliyeva, «İki sahil»