12 avqust 2024 17:57
586

Mərkəzi Asiya dövlətləri ilə uğurlu əməkdaşlıq

Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə çoxşaxəli əlaqələrin qurulması özünəməxsus yer tutur. Bu baxımdan son illərdə ölkəmizin Mərkəzi Asiya respublikaları ilə əlaqələri intensivləşməkdədir. Beynəlxalq hüquq prinsiplərinə söykənən və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasətimiz ölkəmizin həm dünyadakı, həm də türk dövlətləri içərisindəki nüfuzunu yüksəltməkdədir. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında mühüm körpü rolunu oynayır.

Azərbaycan dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərini inkişaf etdirir. Ölkəmiz eyni zamanda regional əməkdaşlığa da xüsusi önəm verir. Bu baxımdan Azərbaycan dövlətinin Mərkəzi Asiya dövlətləri ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksəksəviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.

Azərbaycan Respublikası və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək lazımdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda  keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulanmalıdır. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq 2024-cü ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Müasir dövrümüzün reallıqları türkdilli dövlətlərin daha da yaxınlaşmasını qaçılmaz edir. Azərbaycanın Mərkəzi Asiyanın türk dövlətləri ilə  əlaqələri bu yaxınlaşmanın və inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir. Türkdilli ölkələr arasında yaxın dostluq münasibətlərinin qurulması həm də Ulu Öndər Heydər Əliyevin arzusu idi və bu arzu artıq reallaşır. Türk dünyasının daha sıx birləşməsini təmin etmək istiqamətində Azərbaycan dövləti bütün lazımi addımları atır. Azərbaycanın Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini