12 avqust 2024 15:00
319

Yüksək səviyyəli siyasi əlaqələr qardaşlıq münasibətlərindən xəbər verir

Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə fəxri qonaq qismində dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub. Yüksək səviyyəli siyasi əlaqələr qardaşlıq münasibətlərindən xəbər verir. Həmçinin xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Eyni zamanda, Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin haqq işinə bir daha diqqət çəkərək bildirdi ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ölkə başçısı diqqətə çatdırdı ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev görüşdə bildirdi ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti böyükdür. Bundan əlavə, Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafının vacib göstəricisidir.

Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə Prezident İlham Əliyev çıxışı zamanı bəyan etdi ki, ölkəmiz bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Cavid Osmanov,

YAP İdərə Heyətinin üzvü