12 avqust 2024 23:14
333

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə olan əlaqələri yüksək səviyyədədir

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri geniş beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə cənab Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı da ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının görüşlərinə dəvət alması artıq ənənəvi xarakter almışdır.

Cənab Prezident İlham Əliyevin Astana Sammitindəki çıxışında dediyi kimi, “Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və məhz bu əsasda qurulan regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına güclü zəmin yaradacaq.”

Dövlətimizin başçısı öz çıxışında bir daha belə bir vacib məqamı diqqət mərkəzinə gətirdi ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin, Qarabağın bərpasına Mərkəzi Asiya ölkələri tərəfindən verilən dəstək qardaşlıq münasibətlərimizin mühüm təzahürlərindən biridir. Məlumdur ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Cənab Prezident bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə bir daha öz təşəkkürünü bildirdi. Dövlət başçımız öz çıxışında bunu da qeyd etdi ki, bu gün bütün dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi önəm kəsb edir.”

Ölkəmiz hazırda bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə də sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıq istiqamətində atılmış ilk mühüm addımdır. Bununla belə, dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri yenə də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Azərbaycan hazırda Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları da yaradılıb ki, bu da iqtisadi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri uğurla inkişaf edir.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı