12 avqust 2024 10:42
3129

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur

Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb. Bu gün ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır. Buna görə də Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı günbəgün artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib. Ertəsi gün Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edərək bu mötəbər toplantıda çıxış edib. Görüşdəki çıxışında ölkə başçısı qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq uğurla davam edir.

“Azərbaycanın beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq, bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəyi artıq dünya birliyinə məlumdur. Ölkəmiz COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır”.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü