12 avqust 2024 08:10
365

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən bir çox ortaq dəyərlər mövcuddur. Kökümüz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz, adət-ənənələrimiz və digər müştərək dəyərlərimiz ölkələrimizi bir məqsədə, bir amala xidmət etməyə yönəldir. Qloballaşan dünyada, maraq və münasibətlərin toqquşduğu beynəlxalq aləmdə dostluq, qardaşlıq və əməkdaşlıq kimi ülvi duyğuların davamlı inkişafı çox çətin və şərəfli bir işdir. Bu baxımdan türk dünyasının, türk ölkələrinin, türk dövlətlərinin mehriban münasibətlər və böyük səmimiyyət əsasında sıx şəkildə əməkdaşlıq etməsinin əhəmiyyəti olduqca böyükdür.

Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrin hərtərəfli şəkildə inkişafı baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 9-daQazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı mühüm əhəmiyyətə malikdir.

Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşü və bu görüş çərçivəsində Prezident İlham Əliyevin söylədiyi fikirlər, toxunduğu məsələlər geniş ictimaiyyətin marağına səbəb olmuşdur. Belə ki, fəxri qonaq qismində iştirak edən ölkəmizin başçısı İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan və getdikcə çoxşahələnən səmərəli əlaqələrin əhəmiyyətindən və qarşıda duran vəzifələrin icrasının vacibliyindən söhbət açaraq, Astana görüşünün önəmini xüsusi vurğuladı. Ümumiyyətlə, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri qarşılıqlı münasibətlərimizin yüksək göstəricisidir.

Azərbaycan türk dünyasının tarixində və taleyində özünəməxsus iz buraxmış qədim və qüdrətli dövlətlərdən biridir. Dövlətimiz öz ərazi bütövlüyünü, milli suverenliyini ləyaqətlə bərpa etmiş qalib bir dövlətdir. Bu dövlət düşmən tapdağından azad edilmiş tarixi torpaqlarında genişmiqyaslı quruculuq və abadlıq işləri aparır. Qarabağın dirçəlişində Mərkəzi Asiya ölkələrinin ölkəmizə verdikləri böyük dəstək qədim və müasir türkün müdrik və müqəddəs bir millət olduğuna əyani sübutdur. 

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əlaqələri dərin köklər üzərində qurulub. Bu əlaqələr ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Və bu bağlılıq cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində daha da möhkəmlənir. Azərbaycan bütün beynəlxalq ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni platformalarda yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət kursunda, bütün ölkələrlə olduğu kimi, Mərkəzi Asiya ölkələri ilə də uğurlu əməkdaşlığa hər zaman xüsusi diqqət yetirilir. Təbii ki, ölkələrimiz arasında bütün sferalarda görülmüş və görüləcək işlər çoxdur. Bu işlərin hər biri böyük türkün böyüklüyünə, ulu türkün ululuğuna, əbədi türkün əbədiyyətinə xidmət edir. Yeni əsr türk əsridir və türk öz əsrinin qəhrəmanı olacaq!

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü