08 avqust 2024 09:53
522

Ağıldan bəla Oskanyanın növbəti sarsaqlaması

Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi, qocaldıqca ağlını itirən Vardan Oskanyan özünün “facebook” səhifəsində yenidən Azərbaycanın ərazi bütövlüyünə qəsd edən fikirləri ilə gündəmə gəlib. O, iddia edib ki, guya “artsax” “xalq”ının beynəlxalq qanunlar çərçivəsində kollektiv şəkildə qayıtmaq hüququ danışıqların gündəliyinə salınmalıdır. Onun fikrincə, bu məsələ beynəlxalq zəmanət altında Ermənistan tərəfindən danışıqların gündəliyinə daxil edilərsə, o zaman beynəlxalq ictimaiyyətin dəstəyi də olacaq. “Xalq”ın bu aqibətinin Ermənistan hökumətinin səhvləri ucbatından yaşandığını bildirən bu üzdəniraq siyasətçi  elə bu səbəbdən həmin “məsələ”nin gündəmdə saxlanılmasının vacibliyini bildirib: “Mən bunu bütün məsuliyyətimlə deyirəm, “artsax” ermənilərini, ümumiyyətlə, erməni xalqını bu məsələni diqqətdən kənarda qoymamağa çağırıram, bu bizim məsuliyyətimizdir”. Hətta o, utanıb-qızarman bəya edib ki, guya hazırda “artsax” ermənilərinin bütün hüquqlarını beynəlxalq təminatlarla bərpa etmək, onları öz evlərinə qaytarmaq üçün real imkanlar var.

Oskanyanın sözlərinə görə, bu məqsədlə ötən ilin dekabr ayının 2-də  təşkil edilən və Ermənistan, Latın Amerikası, Avropa, ABŞ  nümayəndələrindən ibarət olan xüsusi komitə  onun rəhbərliyi altında gərgin çalışır. Hətta onlar  “artsax” ermənilərinin öz evlərinə qayıdışına və digər əsas hüquqlarının təmin edilməsinə nail olmaq məqsədilə Parisdə, Brüsseldə, Moskvada, Cenevrədə və digər ölkələrdə görüşlər keçiriblər və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Araşdırmalar göstərir ki, bu məsələdə daha çox canfəşanlıq edən Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə sabiq xüsusi nümayəndəsi, hazırda bu qurumun  Özbəkistanda səfiri təyin edilmiş Toivo  Klaardır. Oskanyanın həmin açıqlamasında  Toivo  Klaarın sayıqlarmalarının özünün sayıqlamaları ilə üst-üstə düşməsindən məmnunluğunu dilə gətirməsi də bunu bir daha sübut edir. Qeyd edək ki, bir neçə gün öncədən ermənipərəstliyi ilə tanınan, ölkəmizə qarşı mütəmadi hədyanlar yağdıran, hətta Xocalı cəlladlarının saxlanılmasından “narahat”lığını dilə gətirən  Toivo  Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Qarabağdan könüllü köçüb getmiş ermənilərə şamil edib və Ermənistandan qovulmuş azərbaycanlıların belə bir hüququnun olmadığını bildirib. Başqa sözlə desək, Ermənistandan zorla qovulmuş azərbaycanlıların  geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğunu, amma  Qarabağ regionundan köçüb getmiş ermənilərin məsələsinin xüsusi hal olduğunu  vurğulayıb. Göründüyü kimi, V.Oskanyan bir daha bu sayıqlamalarını  gündəmə gətirməklə guya hansısa fövqəladə bacarığa sahibliyini nümayiş etdirmək istəyir. Amma unudur ki, artıq “artsax”ın,  “Miatsum”un kitabı bağlanıb və onlar tarixin zibilliyinə atılıb. Cənubi Qafqazda yaradılmış yeni reallıqlar fonunda isə həmin ifadələr ümumiyyətlə, işlədilmir. Yeru gəlmişkən, hətta bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan gənclərlə  görüşlərinin  birində “artsax” sözünə istehza edərək belə deyib:  “artsax” sovet dövründə İcevanda elit restoran olub. Mənim başqa “artsax”dan xəbərim yoxdur”.

Digər tərəfdən, Oskanyan bilməmiş deyil ki, Azərbaycan erməni əsilli şəxslərə Qarabağda qalıb yaşamaları üçün hər cür şərait yaratmış, həm də onların təhlükəsizliyinə təminat vermişdi. Bunun müqabilində isə  onlardan sadəcə yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək.  Amma onlar separatçıların təhriki ilə bundan imtina etdilər. Çünki separtçılar erməni əsilli şəxslərin böl­gədən guya zorla çıxarıldıqlarına dair beynəlxalq rəy formalaşdırmaq və bu yolla Azərbaycana təzyiq göstərmək istəyirdilər. Yəni, bu məsələdə beynəlxalq təminat almağa çalışırdılar. Amma faktlara əsaslanan rəsmi Bakı qətiyyətli və prinsipial gedişləri ilə separtaçıların bu niyyətini fiaskoya uğratdı. Belə olan halda Oskanyanın səsləndirdiyi fikirlərin cəfəngiyyatdan başqa bir şey olmadığı üzə çıxır.

Çıxışlarında bu məsələyə dəfələrlə toxunan Prezident İlham Əliyev bildirib ki, Qarabağın erməni azlığının daimi yaşamaq üçün geri qayıtması otuz il əvvəl Ermənistandan vəhşicəsinə qovulmuş, çoxsaylı cinayətlərə, o cümlədən soyqırımına məruz qalmış azərbaycanlıların qayıdışı ilə eyni vaxtda və eyni şərtlər daxilində həll edilməlidir. Bu isə o deməkdir ki, bu prinsipial məsələdə Oskanyanın hansısa qondarma komissiyası yox, haqq-ədalət öz sözünü deməlidir. İnşallah, deyəcək də. Şübhəsiz, Oskanyanı da narahat edəb elə budur. Yeri gəlmişkən qeyd edək ki, bununla bağlı edilən müraciətlərə baxmayaraq, Aİ indiyədək bu məsələyə dair mövqeyini rəsmi şəkildə bəyan etməyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, sülh danışıqlarında bu məsələyə ümumiyyətlə toxunulmamalıdır. Görəsən, Oskanyan bütün bunları bilə-bilə niyə yenə vay-şivən qoparır? Görünür, onun məqsədi revanşistlərə yeni nəfəs verməyə, gözlənilən sülh mühitinin forma­laşmasına əngəl törətməyə, coğrafiyadakı xalqların dinc və birgəyaşamına maneçilik yaratmağa, həm də cari ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) kölgə salmağa  hesablanıb. Bir də Oskanyan unutmasın ki, bu gün gündəmdə yalnız bir məsələ var: Bakının ortaya qoyduğu şərtlər əsasında sülh müqaviləsi imzalamaq. Bu mənada V.Oskanyan və onun havadarlarının bundan sonra nə söyləmələrinin, daha doğrusu, sarsaqlamalarının heç bir mənası,  əhəmiyyəti yoxdur. Çünki Oskanyan və onun kimi düşünənlərin Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmaqdan başqa yolları yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”