Kosovo polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.
“İki sahil” xəbər verir ki, bu addım Kosovo Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb. “Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosovo tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.
Həm ABŞ, həm də Avropa İttifaqı Kosovonun bu addımını pisləyib. Birləşmiş Ştatların Priştinadakı səfirliyi ABŞ-ın Kosovonun bu hərəkətindən dərin məyusluq hissi keçirdiyini bildirib.