07 avqust 2024 00:45
852

Toivo Klaar ermənipərəstliyindən niyə əl çəkmir?

44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra Ermənistanın öldürücü silahlarla silahlanması, öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını hələ də saxlamaqda davam etməsi təcavüzkar ölkənin növbəti  çirkin niyyətətindən xəbər verir. Dünyanın bir sıra ölkələri, həmçinin beynəlxalq qurumlar hələ də bütün bunlara göz yummaqdadırlar. Hətta belə bir vəziyyətdə onlar Azərbaycana qarşı qərəzli ittihamlar da səsləndirməkdədirlər.

Bu məsələdə ön sıralarda qərar tutanlardan biri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə sabiq xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş  Toivo Klaardır. Belə ki, bir müddət öncə guya Azərbaycan mediasında Ermənistana qarşı "təhdid"  olduğunu iddia edən, Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməməyə çağıran Klaar bu dəfə “JAM news”a açıqlamasında ölkəmizin daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirib. Yəni, o, regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Qarabağdan könüllü köçüb getmiş ermənilərə şamil edib və utanıb-qızarmadan Ermənistandan qovulmuş azərbaycanlıların belə bir hüququnun olmadığını bildirib. Sadəcə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların  geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğunu, amma  Qarabağ regionundan köçüb getmiş ermənilərin məsələsinin xüsusi hal olduğunu  vurğulayıb. Şübhəsiz, Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə “ana Hayastan”a  və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların isə qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Halbuki, Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vasif Əliyevin bildirdiyi kimi, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.

Şübhəsiz, səlahiyyətlərinə aid olmayan qərəzli açıqlamalar verən cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin təzahürüdür.  Bununla da o, öz “ustad”ının, yəni Avropa İttifaqının  Xarici əlaqələr  və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel ənənələrinə, həmçinin erməni diasporuna  sadiq qaldığını bir daha nümayiş etdirib.  Halbuki, Toivo Klaar bilməmiş deyil ki, rəsmi Bakının dəfələrlə erməni sakinlərinin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, onlar suveren Azərbaycan ərazilərinə geri dönmək fikrində deyil. Bu xüsusda Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən, yəni onun vətəndaşlığını qəbul edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.

Toivo Klaarın açıqlamalarından bir daha aydın görünür ki, bu qurum və onun rəsmiləri 30 il davam edən münaqişənin heç bir kənar qüvvənin iştirakı olmadan Azərbaycan tərəfindən təkbaşına həll olunmasını və öz süverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsini həzm etməkdə hələ də çətinlik çəkirlər.  Odur ki, onlar belə sayıqlamaları ilə paralel olaraq,  Ermənistanın Fransa kimi Aİ üzv ölkələri tərəfindən malliyyələşdirilməsinə, eyni zamanda  nümayişkəranə şəkildə  öldürücü silahlarla silahlanmasına sözün həqiqi mənasında yardım edirlər. Bu  isə o deməkdir ki, onların məqsədi sülh müqaviləsinin bağlanmasına əngəllər törətməkdən,  öz maraqları naminə regionda vəziyyəti gərginləşdirməkdən, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdən, Ermənistanın avantürist planlarının reallaşmasına dəstək verməkdən ibarətdir. Başqa sözlə desək, Aİ cənab Klaarın timsalında birbaşa İrəvanın, həmçinin Qərbin maraqları üzərində dayanır və bu maraq­ları sülh müqaviləsinə gətirmək kimi avantüraya  əl atır. Halbuki, bir müddət öncə bu cənab bildirmişdi ki, bir neçə il davam edən danışıqlar və müzakirələrdən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhü təmin etmək üçün elementlər mövcuddur. Elə isə görəsən cənab Klaar niyə həmin elementlərdən istifadə edərək bölgədə  sülhün reallaşmasına çalışmır? Avqustun 5-də isə o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsinin böyük hissəsinin artıq razılaşdırıldığını, finişə çatmaq üçün siyasi iradənin lazım olduğunu bildirib. Amma fakt budur ki, o, bu kimi açıqlamaları ilə tərəfləri sülhün finişinə deyil,  revanşistlərə dayaq olmaqla Cənubi Qafqazı yeni müharibəyə sürükləyir. Ən qəribəsi isə onun  vəzifədən getmə ərəfəsində səlahiyyətlərinə aid olmayan bu kimi qərəzli açıqlamalar verməsidir. Görünür, erməni diasporu Klaarı yemləməkdə davam edir. O da öz növbəsində onlara “borclu” qalmaq istəmir. Ya da görünür, bu cənab hələ də erməni konyakının təsirindən çıxmaqda çətinlik çəkir. Elə bu kimi səbəblərdən də o, ermənipərəstlik daşını birdəfəlik ata bilmir.

Bu cənab və onun kimi düşünənlər bilməlidirlər ki, bölgədə yaratdığı yeni reallıqlardan çıxış edən Azərbaycan onların arzularını ürəklərində qoyacaq. Yəni, Klaar kimilərinin nə demələrindən, daha doğrusu, bu formada sayıqlamalarından asılı olmayaraq rəsmi Bakı haqq yolundan heç zaman dönməyəcək.

Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycan İcması Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayırb. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edib. Görəsən, Aİ heç olmasa bircə dəfə bizim haqq səsimizi eşidəcəkmi?

Qvami Məhəbbətoğlu, “İki sahil”