02 avqust 2024 22:30
544

Fransa üzr istəyəcəkmi? - ŞƏRH

Artıq bu, bir faktdır ki, Fransa  hər vəchlə ölkəmizin tarixi qələbəsini gözdən salmağa, eləcə də azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə, sülh prosesi istiqamətindəki danışıqlara sözün həqiqi mənasında,  kölgə salmağa çalışır. Bu niyyətlə də Fransa əlinə düşən hər fürsətdən istifadə etməklə ölkəmizə qarşı öz məkrli təbliğatını aparmaqdadır. Elə iyul ayının 26-da XXXIII Yay Olimpiya Oyunlarının (“Fransa-2024”) rəsmi açılış mərasimindəki paradda Fransanın “France 2” İctimai televiziya kanalının aparıcısı Ermənistan oyunçuları keçərkən “Və təbii ki, bizim dostlarımız ermənilərdir.

Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsi ilə nəticələnib” kimi ifadələr işlətməklə, bizim komandımızı, daha doğrusu, Azərbaycanı isə “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etməklə bunu bir daha sübut etdi. Bununla da Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, bu niyyətlə təcavüzkar ölkəni, yəni Ermənistanı öldürücü silahlarla silahlandırmaqda davam edən  Makron Fransası Olimpiada kimi mötəbər bir tədbirdə  növbəti dəfə ölkəmizə qarşı olan qərəzli mövqeyini bir daha ortaya qoydu. Halbuki siyasəti idmana bulaşdırmaq cəhdləri qətiyyən qəbul edilmir. Ona görə ki, idman dağıdıcı deyil, millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran  ən yaxşı vasitə hesab olunur. Paris Olimpiadasının açılış mərasimində isə millətləri və dövlətləri bir-birinə tanıdan,  yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb.

Azərbaycan haqlı olaraq idman aləminə yaraşmayan bu avantüraya vaxtında reaksiya verdi. Belə ki, Qərbi Azərbaycan İcması, Bakı Təşəbbüs Qrupu bununla bağlı bəyanatlar verdilər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi isə bəyanatla yanaşı, Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu  göndərdi. Məktubda qeyd olunurdu  ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

Artıq Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib.  Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib: "Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan France 2 telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik”.

Şübhəsiz, Beynəlxalq Olimpiya Komitəsinin bu üzrxahlığı haqqın, ədalətin qələbəsi kimi xarakterizə olunmalıdır. Görəsən, dünyada nüfuzunu itirmiş Makron Fransası belə bir addım atmağa özündə güc tapacaqmı?

Qvamı Məhəbbətoğlu, “İki sahil”