03 avqust 2024 00:30
513

Azad edilmiş ərazilərdə müasir şəhərsalma nümunəsi təqdim edilir

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün regionlarımız, o cümlədən tarixi sahibinə qovuşan torpaqlarımız yeni inkişaf dövrünü yaşayır

Əsas hədəf Böyük Qayıdış Proqramının icrasını tez başa çatdırmaqdır. Tarixi Zəfərimizdən sonra  Dövlət Proqramlarının qəbulunda da yeniliklərə, təkmilləşməyə böyük zərurət duyuldu. Dövlət başçısı  İlham Əliyevin  Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi Zəfərimizdin yaratdığı reallıqların təqdimatı oldu. Bu Fərmanın ardınca cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi.

Dayanıqlı inkişaf üçün böyük potensial

Hər iki sənəd işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensial imkanların təqdimatında öz sözünü dedi. Belə ki, gələcəkdə  bu torpaqlarımızın  malik olduqdarı təbbi resursların hesabına Azərbaycanın dayanıqlı inkişafına dəstək vermək üçün bu  ərazilər arasında ixtisaslaşmanın aparılmasına, hansı resurslara malik olmalarının müəyyənləşdirilməsinə böyük  zərurət duyuldu. İşğaldan azad edilmiş torpaqların malik oluqları potensialı da nəzərə alsaq gələcəkdə dayanıqlı inkişafa nail olmaq üçün böyük potensialı görürük. Belə ki, bu ərazilərimizin malik olduqları münbit torpaqların hesabına Azərbaycanın ixrac potensialı  xeyli artacaq. Ölkə Prezidenti İlham Əliyev  bu istiqamətdə də  yeni bazarların tapılması üçün  müvafiq tapşırıqlarını verib. Dövlətimizin başçısının Sərəncamı əsasında təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq. Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu reallıqlara da diqqəti yönəltdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. BP tərəfindən inşa olunan Günəş Elektrik Stansiyası Cəbrayıl rayonunda tikiləcək. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra  hidroelektrik enerjisi sahəsinə vəsait yatırılıb.  Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Bu rəqəm 500 meqavata çatdırılacaq. Bu,  regionu tam əhatə etməyə kifayət edəcək. Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaq: “Bizim əsas investorlarımız xarici şirkətlərdir. Azərbaycan burada kiçik pay sahibi kimi çıxış edir. Bu, o deməkdir ki, bizim ölkədə biznes mühitimiz və sərmayə imkanlarımız, sərmayə qarşılığında gəlir əldə edilməsi baxımından çox uğurlu bir mövqedəyik. Əks təqdirdə, heç kəs bura bir dollar belə vəsait qoymazdı. Dediyim kimi, artıq iki qiqavata yaxın həcmlə bağlı qərarlar verilib və ümumilikdə, 10 meqavat həcmində saziş və memorandumlar imzalanıb. Gələn il buraya gələndə görəcəksiniz ki, bu region tamamilə yaşıl enerji regionuna çevrilib.”

COP29 ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı olacaq

Cari ilin mühüm hadisələrindən  olan COP29 ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı olacaq. Bu mötəbər tədbir Azərbaycanın yaşıl enerji tərəfdaşlarının sayının artmasında və əməkdaşlığın coğrafiyasının genişləndirilməsində, yeni formatların yaranmasında stimulverici amil olacaq. Azərbaycanın yaşıl enerji sahəsində böyük potensiala malik olduğu bir daha tədbirdə əsaslı şəkildə diqqətə çatdırılacaq.  Cənab İlham Əliyev bu çağırışı edir: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Biz ona görə də bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik. Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq.”

Tədbir postmünaqişə dövrünün reallıqlarının təbliğində öz sözünü deyəcək. Bu baxımdan ki, heç şüöhəsiz tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil ediləcək. Onlar ermənilərin və onlara dəstək verən dövlətlərin illərdir aparıqları yalan təbliğatın əksinə olaraq bu illər ərzində törətdikləri vəhşiliklərin şahidinə çevriləcəklər. Hazırkı dövrdə bu kimi tədbirlərin əhəmiyyəti yalnız əhatə etdikləri mövzu ətrafında aparılan müzakirələrdə və ümumi mövqenin ortaya qoyulmasında olmaqla yanaşı, həqiqətlərimizə daha aydın işığın düşməsi üçün yaradılan imkandadır. Dezinformasiyaların hazırkı dövrdə yaratdığı problemlərin fonunda bu tədbirlər həqiqətlərin işıq üzü görməsinə öz töhfəsini verir. Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərarın qəbul edilməsindən bu gündək aparılan qərəzli təbliğatlar reallıqları ilə, bəzi dairələrin maraqlarından irəli gələn  dezinformasiyaları özündə ehtiva edir. Cənab İlham Əliyev daim  diqqətə çatdırır ki, biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır.  Dövlətimizin başçısı daim bildirir ki, bizim  günahımız deyil  neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. İqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir.

Ölkəmizin gücünün göstəricisi

 Onu da qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən dörd ilə yaxın  dövrdə  Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının cari ilin sonunda 2025-ci ilin əvvəlində istifadəsinin nəzərdə tutulması görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. 

İşğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq  Prezident İlham Əliyev  tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.  Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq.

Məşğulluğunun təmin edilməsi prioritetdir

30 illik işğal dövründə çətinlik şəraitində yaşayan  soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülməlidir. Bu gün vətəndaşlarımızın qayıtdıqları  ünvanlarda  yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır. Sosial xidmətin təminatı üçün bu ərazilərdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk “ASAN xidmət” Şuşa şəhərində tikilib. Növbəti  mərkəzin isə Füzulidə tikiləcəyi bildirilir. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihləri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.    

Tarixi Zəfərimizdən ötən dörd ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin hamısını tam şəkildə qeyd etmək mümkün deyil. Çünki görülən işlərin miqyası olduqca genişdir. Bunun üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son aylarda işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Ümummilli Lider Heydər Əliyevin andan olmasının  101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarında, Şuşa şəhərində oldular. Bu tarixdə Şuşa ilk sakinlərini qarşıladı. Müstəqillik Günündə isə Xocalı sakinləri doğma yurd-yuvalarına qayıtdılar. Prezident İlham Əliyev görüşdə qeyd etdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur. Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazıldı.

Bu ilin sentyabr ayında Xankəndi şəhərinə ilk köç başlayacaq. Suverenliyimizin bərpasından ötən müddətdə Xocalıda, Xankəndidə aparılan genişmiqyaslı işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ümumi bərpa işlərinin aydın mənzərəsini yaradır.         

   Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının  vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır. Bu il işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin fonunda Belarus Prezidentinin ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərimizə səfərini və  bərpa-quruculuq işlərinə dəstək verməyə hazır olduğunu qeyd etməsini xüsusi vurğulamaq istərdik.  Prezident İlham Əliyev həmin səfər çərçivəsində bildirdi ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları,  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Ölkə Prezidentinin bu fikirlərinin davamı olaraq  Aleksandr Lukaşenko qeyd etmişdir ki,  azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq.

Şəhərsalmanın müasir nümunəsi

Göründüyü kimi, hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Azərbaycanın iqtisadi imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Ağdam və Zəngilan şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumlarının keçirilməsi də bunun bariz nümunəsidir. Tədbir üçün məhz bu şəhərlərin seçilməsi təsadüfi deyil. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd”, Ağdam şəhəri isə ilk «ağıllı şəhər» olacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən ili Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda 53 ölkədən  200-ə yaxın xarici qonağın və ümumilikdə 400 iştirakçının qatıldığını nəzərə alaraq bir daha diqqəti bu reallıqlara yönəltdi ki, biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır. 2022-ci ildə  birinci Şəhərsalma Forumu Ağdam şəhərində keçirildi.  Həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar: “Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.”

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün regionlarımız, o cümlədən  4 ildir tarixi sahibinə qovuşan torpaqlarımız yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Qalib, bütövləşən Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən Foruma Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi  qazandığı mövqeyə daim yeni əlavələr edir.

Yeganə Əliyeva, “İki sahil”