03 avqust 2024 08:00
573

Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir

Dövlət başçısı İlham Əliyev bildirir ki, ən böyük maneə məhz minalardır

“Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.” Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu reallıqları  da  50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdı ki, işğaldan azad edilmiş  ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilər minalardan təmizlənir. “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir» söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb. 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra,  bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı: «Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər.”

Əvvəlcə Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı...

Həmin Forumda dövlətimizin başçısı onu da bildirdi ki, qayıdış məsələsinə gəldikdə, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Füzuli, Laçın, Şuşa və Xocalı şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Köç bu gün də davam edir. Bu il planda Cəbrayıl və Kəlbəcər şəhərlərinin də sakinlərinə qovuşması nəzərdə tutulur. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyev ilin əvvəlində ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsindən cari il üçün hədəflərdən bəhs edərkən həyata keçirilən infrastruktur layihələrinin əsasında bildirmişdir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaracaq və onların bu il qaytarılacaqları şəhərlər arasında  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq  bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib. 2026-cı ilin sonuna qədər  hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır: «Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır.» Həmin dövrün statistikasına görə azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayırdı. Cənab İlham Əliyev ilin sonuna qədər bu rəqəmin 20 minə çatdırılacağını bildirdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Qarabağda və Şərqi Zəngəzurda geniş reabilitasiya proqramı həyata keçirilir.

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır

Qeyd etdiyimiz kimi, bunlar dövlətimizin başçısı İlham Əliyevin 2024-cü il  ilə bağlı hədəfləri idi. Artıq həmin vaxtdan 7 ay keçib. Ötən bu dövr ərzində bu torpaqlarda görülən işlərin miqyası qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olacağımıza əsas yaradır. Belə ki,  cənab İlham Əliyev ötən ay Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri  Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə, həmçinin Qlobal Media Forumunda diqqəti tarixi sahibinə qovuşan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə yönəltdi. Təbii ki, bu ərazilərimizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər  artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, həmçinin erməni vəhşiliklərinin təqdimatında əhəmiyyətli rol oynayır. Tədbir iştirakçıları reallıqların canlı şahidinə çevrilməklə gördüklərinin öz ölkələrində təbliğatçısına çevrilirlər. Cənab İlham Əliyev Zirvə görüşündə bu reallıqları bir daha dost, qardaş ölkələrə çatdırdı. Bildirdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına  təşəkkürünü bildirən cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə diqqətə çatdırdı ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etdi. Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən  Zirvə görüşü rəmzi məna daşıyır. Cənab İlham Əliyev bütün çıxışlarında böyük qürurla və inamla bildirir ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır,  uğurla da davam edəcək. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni  azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra bərpa-quruculuq işlərinə başlandığı andan belə bir çağırışı etdi ki, bərpa-quruculuq işlərində  dost ölkələrin iştirakını istərdik.  Ötən  dörd  ilə yaxın zamanda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-qurculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir.  Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə  davamlı səfərlərinin hər biri bu torpaqlarda  yeni sosial obyektlərin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Minalarla ən çox çirklənmiş ölkələr sırasında

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə işlərin sürətinə təsir göstərən amillərdən biri bu torpaqların  Ermənistan tərəfindən minalanması, ən əsası minalanmış sahələrin xəritələrinin verilməməsidir. Bu baxımdan  minaların təmizlənməsi xeyli vaxt itkisinə səbəb olur. Bir müddət öncə  ölkəmizdə keçirilən  “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində   dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xususi qeyd etdi ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alıb. Ermənistan işğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 302 nəfər vətəndaş mina qurbanı olub. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Müraciətdə o da qeyd edildi ki, öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz  şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verildi.  Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər edib. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır.  Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir.

Yeganə Əliyeva, “İki sahil”