03 avqust 2024 02:57
604

“Qisas” əməliyyatı: düşmənə tarixi dərs

2020-ci ildə qazanılan Şanlı Zəfər Azərbaycan-Ermənistan münasibətlərinə aydınlıq gətirsə də, bundan sonra cərəyan edən hadisələr onu göstərdi ki, Ermənistan hələ də məğlubiyyətlə barışmayıb. Xarici ölkələrdən gələn yardımlarla yenidən güc toplamağa çalışan düşmən, regionda mövcud olan reallıqları öz xeyrinə dəyişmək istəyirdi. Ancaq bu cəhdlərin boş və faydasız olduğunu, yeni silahlı toqquşmaların Ermənistana heç bir xeyir gətirməyəcəyini Şanlı Ordumuz müxtəlif vaxtlarda əyani olaraq sübut edirdi. Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bu mövzuya toxunaraq bildirib ki, yeni müharibə istəyi ilə yaşayanların aqibəti heç də yaxşı olmayacaq. Çünki müharibə başa çatıb, Ermənistan isə məğlub olub. Regionda sabitliyin və təhlükəsizliyin yeganə yolu yalnız sülh müqaviləsinin bağlanmasından keçir. Əlbəttə ki, Ermənistanın sülh çağırışlarına asanlıqla cavab verəcəyini gözləmək sadəlövhlük olardı. Düşmən qüvvələri hələ də, Qarabağda fəaliyyətinə davam edir, zaman-zaman təxribatlar həyata keçirirdi. Halbuki, 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən, erməni hərbi birləşmələri, sülhməramlı kontingentin əraziyə gəlməsilə birlikdə Azərbaycan torpaqlarını tərk etməli idi. Lakin Ermənistan ordusunun ünsürlərinin Qarabağı tərk etməməsi yeni toqquşma risklərini meydana gətirirdi. 2022-ci il avqust ayının əvvəllərində baş vermiş hadisə kimi...

İki il öncə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhidlik zirvəsinə ucaldı. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edildi və yaralandı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Buna baxmayaraq, qondarma separatçı rejim növbəti dəfə hərbi təxribatlara əl atmaqdan çəkinmirdi. 2023-cü il iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralandı. Azərbaycan əsgərinin yaralanmasına cavab gecikmədi və “Qisas - 2” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü - separatçı dəstənin üzvü zərərsizləşdirildi.

Azərbaycan Respublikasının siyasi rəhbərliyi və hərbi komandanlıq dəfələrlə bəyan etmişdi ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə məğlub ölkəyə xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırıb. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə və onun havadarlarına çatdırıb ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Nə “status” var, nə də “Dağlıq Qarabağ”.

Ermənistan qəbul etməlidir ki, artıq dörd ilə yaxındır münaqişə həll olunub. Dövlət başçısının vurğuladığı kimi: “Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Ötən il Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm, növbəti Zəfər səhifəsi yazıldı. Belə ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. Beləliklə, Qarabağda erməni separatizminə həmişəlik son qoyuldu. Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Zəfərimizin üçüncü ildönümündə - 8 noyabr tarixində Xankəndi şəhərində hərbi parad keçirildi. Beləliklə, "Qisas" əməliyyatı İrəvanın hərbi-siyasi rəhbərliyinə ağır bir zərbə oldu. Bu antiterror əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu istənilən şəraitdə, istənilən vaxtda düşməni məhv etməyə hazırdır. Ermənistanın bu kimi hallara yol verməsi, yenidən təxribat cəhdlərinə əl atması özlərinin peşmançılığı ilə nəticələnəcək.

Sevinc Azadi, “İki sahil”