02 avqust 2024 23:28
443

Şəhid Ayxan qəlblərdə yaşayır

İkinci Qarabağ müharibəsində  doğma Vətəninin  harayına səs verib uğrunda  son damla qanına qədər mərdliklə savaşıb şəhidlik zirvəsinə ucalananda Ayxan Fariz oğlu Qurbanzadə 22 yaşında idi.   Ölümü   əsl qəhrəmanlıq məktəbi kimi tarixə düşən  oğlunu xalq qəlbində  yaşatmaqla onu  özünə qürur mənbəyi bilir. Müqəddəslik şəhidlik   zirvəsində bizlərə tərəf boylanan, hər cür sevgiyə, məhəbbətə layiq olan Ayxan Qurbanzadə dövlət tərəfindən isə   “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Şuşanın azadlığına  görə  medallarla  təltif olunub.

Vətənpərvərliyin ən ali məqamına yetişən  Ayxan Qurbanzadə 1998-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində   anadan olub. Atası Fariz Qurbanov  Birinci Qarabağ müharibəsi qazisi və 2-ci qrup əlilidir. Vətənə, torpağa bağlılıq  bu ailənin canında, qanındadır. Ayxan hələ uşaqlıqdan ürəyində mənfur  düşmənlərə nifrət bəsləyib. Odur ki, orduya  yola düşəndə  birinci amalı yağıdan qisas almaq olub.  Cəbhə bölgəsində əlində silah, ürəyində Vətən məhəbbəti oğulluq borcunu ləyaqətlə yerinə yetirib. Xidmət zamanı fəallığı və nizam-intizamı ilə seçilib.  

 Ayxan hərbi xidmətini başa vurduqdan sonra bir müddət  müxtəlif işlərdə  çalışıb. 2016–2017-ci illərdə Vətən, torpaq naminə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb .  2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhadətə qovuşduqdan   sonra elan edilən  səfərbərliyə  Ayxan Qurbanzadə   də qoşulub, 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına gedib.

İkinci Qarabağ müharibəsində atıcı olaraq  odlu-alovlu səngərlərdə birincilər sırasında  yerini alıb. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sözün əsl mənasında yağıya qan qusdurub.  Qəhrəman Vətən sevdalısı 25 oktyabr 2020-ci ildə   Füzuli -Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.

Lənkəran camaatı öz qəhrəman oğlunu bir an belə unutmur, adını böyük iftixarla çəkir, örnək olaraq  şərəfli həyat yolunu nümunə göstər. Xatirəsinə ehtiram olaraq onun  ad gününü məzarının önünə gül dəstələri qoymaqla qeyd ediblər. Həm də bildirilib ki,  Ayxan Vətən yolunda canından keçib.  Qərinələr ötsə, nəsillər bir-birini  əvəz etsə belə o, heç vaxt unudulmaz, daim qəlblərdə yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlə Birliyinin üzvü