02 avqust 2024 10:15
471

Biabırçı Paris Olimpiadası: Siyasi motivlər, natəmizlik, oğurluq...

Beynəlxalq Olimpiada Komitəsi isə peşə, olimpiya hərəkatının əxlaq kodekslərini pozduğu üçün “Fr2”yə cəza verməlidir

Fransada 33-cü Yay Olimpiya Oyunları davam edir. Hər gün daha da aydın olur ki, Fransa qapılarını açıb 10 milyonadək turisti qəbul etməyə hazır deyilmiş. Təhlükəsizlikdən tutmuş təmizliyə, təmizlikdən idman bazaları, yarış yerlərinin keçirildiyi yerlərədək bir çox məsələlər nəinki qənaətbəxş deyil, hətta biabırçı vəziyyətdədir. Natəmizlik Fransa üçün yenilik deyil. Belə ki, 18-19-cu əsrlərin Fransasından bəhs edən filmlərdə dəbdəbəli saraylarda təmizlik üçün ayrıca yerlər olmayıb. Bu həmin Fransadır ki, özünü mədəniyyət beşiyi kimi dünyanın rəyinə sırıyıb. Halbuki həmin illərdə saraylardakı rəqs meydançalarının ətrafı üfunət iyi verirmiş. Fransanın məşhur Versal sarayında tualetlər sonralar quraşdırılıb.

İndi də qonaqlarına biganə yanaşan Fransanı heç bir problem narahat etmir. Məsələn, qonaqların çantalarının oğurlanması, otel və qonaq evlərində çarpayıların yararsızlığı, yarışların keçirildiyi yerə idmançıların uzun-uzadı yol qət etmələri etirazlara səbəb olsa da Fransa hökuməti tədbir görməyə tələsmir. Qeyd edək ki, Braziliyanın əfsanəvi futbolçusu Ziko Fransanın paytaxtı Parisdə qarət edilib. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb. Məlumata görə, portfeldə bahalı saat, zinət əşyaları, brilyantlar və nağd pul olub. Artur Antunes Koimbra - Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. Bundan əlavə, İsveçin qadın yığmasının məşqçisi Tobias Berqman isə idmançıların əziyyət çəkdiklərini söyləyib: “Gündə iki dəfə 40 dəqiqə olmaqla səyahət edirik və düzünü desəm, Parisdə istilik Hindistanda olduğunuzdan daha pisdir. Belə davam edərsə, insanlar avtobuslarda huşlarını itirəcək­lər”. İsveçin stolüstü tennis yığmasının üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarında nəqliyyatda havasızlıqdan gileyləniblər. “Aftonbladet” nəşrinin məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxmalı olur. Kişilərdən ibarət komandanın məşqçisi Yorqen Persson bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq mümkünsüz olur. Olimpiada iştirakçıları Parisdəki Olimpiya kəndində qida ilə lazımınca təmin olunmadıqlarından da şikayətləniblər. Onlarla idmançı Olimpiya kəndinin əsas restoranında mühüm ərzaq ehtiyatlarının çox ləng gətirildiyini və qidanın kifayət qədər olmadığını qeyd edib. Göründüyü kimi, rəzalət tək açılış mərasimində deyil, bütövlükdə oyunların təşkilindən tutmuş bütün məsələlərdə yaşanıb və proses davam edir. Yerli mətbuat və əksər xarici media baş verənləri geniş şəkildə işıqlandırıb. Qeyd edilir ki, Olimpiya Oyunlarından xeyli əvvəl təşkilatçılığın olmaması, Paris də daxil olmaqla ətraf şəhərlərdə yaşanan problemlərdən bəhs edilib.

Fransa mətbuatı xəbər verir ki, 2024-cü il olimpiadasında triatlonçular üçün ilk üzgüçülük məşqi Senada suyun keyfiyyətsizliyinə görə ləğv edilib. Təşkilat komitəsi qeyd edir ki, son bir neçə gündə yağan yağışlar nəticəsində suyun keyfiyyəti daha da pisləşib. Ümumiyyətlə, Sena çayı ilə bağlı yaşananlar medianın bir nömrəli mövzusudur. 1923-cü ildən bu çayda çimmək rəsmən qadağan edilib. İndi, bir əsr sonra Parisdə Olimpiya Oyunlarının açılışına 4 həftə qalmış çay üzgüçülük üçün əlverişli hala gətirilib. Çoxları buna möcüzə kimi qarşılayıb. Yeni kanalizasiya təmizləyici qurğular sayəsində çay təhlükəsiz hala gətirilib. Çayın xilas edilməsi prosesi bir neçə il çəkdi və buna təxminən 1,5 milyard avro xərcləndi. Lakin oyunlar zamanı bəlli olub ki, çayın çirklilik səviyyəsi ilə bağlı problemlər qalmaqdadır. İctimaiyyəti Sena çayının təhlükəsiz olduğuna inandırmaq üçün Fransanın idman naziri, ardınca isə Paris meri çayda üzgüçülük təşkil edib. Hətta prezident Emmanuel Makron özü də üzməyə söz vermişdi, amma vədinə əməl etmədi. Məlum olub ki, Sena çayının çirklənməsi yüksək olub.

Digər bir biabırçılıq miqrantlar və evsizlərin şəhərdən qovulmasıdır. Əsasən Afrikadan olan miqrantları kütləvi şəkildə avtobuslara doldurub şəhər kənarına aparıblar. Paris olimpiadasının digər biabırçılığı kondisionerlərlə bağlı olub. Belə ki, təşkilatçılar bu oyunları əvvəlkilərdən "ekoloji cəhətdən təmiz" etmək istəyiblər. Oyunların ekoloji cəhətdən ən təmiz olmasına cəhd edən fransızlar Olimpiya Kəndində kondisioner quraşdırılmasından imtina etmək qərarına gəliblər. Əvəzində soyutma üçün istilik nasoslarından istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin bu, əks effekt verib. Temperatur 30+ dərəcədən yuxarı qalxanda bir neçə nümayəndə heyəti dərhal etirazlarını bildiriblər. Ekologiya, əlbəttə ki, vacibdir, amma onlar da bura medal qazanmaq üçün gəliblər, istidən əziyyət çəkməyə yox. “Qiyamçılar” arasında Finlandiya, Meksika, ABŞ və İspaniya komandaları da olub. Beynəlxalq Olimpiya Komitəsi (BOK) buna etiraz etməyib. Təşkilatçıların vədinə güvənməyən bir sıra ölkələr isə onları təmsil edən idmançıaların otaqlarında öz hesablarına kondisionerlər quraşdırılar. Onların sırasına Yaponiya (idmançılarının otaqlarında qabaqcıl soyutma, rütubətə nəzarət və təmizləmə sistemləri quraşdırıb), ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka, Kanada, Yunanıstan və İtaliya daxildir. Maraqlıdır ki, Ermənistanı silahlandırmaq və maliyyələşdirmək üçün istənilən qədər vəsait tapmağa və xərcləməyə hazır olan Fransa hökuməti Olimpiya oyunlarına qatılan idmançıların elementar yaşayış səviyyəsini təminatına gəldikdə simiclik nümayiş etdirib. İdmançılar təkcə kondisionerlər deyil, həm də döşəklər almalı olublar. Ən son narazı olanlar isə İsveçin qadın həndbol komandasının oyunçuları olub. Belə ki, "ekoloji təmizlik" şüarı ilə Olimpiya Kəndində bütün çarpayılar təkrar emal olunmuş balıq torlarından hazırlanmış döşəklərlə təchiz edilib.

Xatırladaq ki, açılış mərasimində siyasi motivlər daha qabarıq şəkildə özünü göstərməyə başlamışdı. Olimpiya oyunlarının açılışını göstərən Fransanın “Fr2” telekanalının efirində azərbaycanlı və erməni idmançıların keçidi zamanı təxribatçı ifadələr səsləndirildi. Canlı yayımda “Fr2” kanalının aparıcısı Ermənistan oyunçuları keçəndə aparıcı bunları dedi: “Ermənistan, bizim erməni dostlarımız; tarixən fransızların qəlbinə yaxın olan ölkə… Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə ağır bir il oldu…”. Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etdi. Bəs deyirlər, Fransa demokratik ölkədir, hakimiyyətin iradəsi idman kimi sahələrə sirayət etmir? Bütün bunlar parıltı olduğu bir daha təsdiqləndi. Emmanuel Makron hakimiyyəti nədirsə, onun “Fr2” TV-si də odur. Deməli, rəsmi Parisin yürütdüyü anti-Azərbaycan siyasətini təbliğ edən KİV və elektron informasiya vasitələri bütün qaydaları pozub yalan, qərəz yayaraq həyata keçirir. Beynəlxalq Olimpiada Komitəsi isə peşə, olimpiya hərəkatının əxlaq kodekslərini pozduğu üçün “Fr2”yə cəza verməlidir.

Sevinc Azadi, “İki sahil”