BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu alternativ enerjinin ixracını şaxələndirməklə bölgədə və dünyada mövqeyi möhkəmlənən Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqların dünya siyasətinə təsir imkanları da artır
Enerji təhlükəsizliyinin təminatını dövlətin müstəqilliyi ilə eyni dərəcə əhəmiyyətli olduğunu dəfələrlə bəyan edən Prezident İlham Əliyevin proqnozları özünü doğruldur. Beynəlxalq Enerji Agentliyinin dünyada enerjiyə artan tələbatla bağlı statistikasına görə 2030-cu ilədək dünyada enerjiyə olan tələbat 53 faiz artacaq. Ekoloji tarazlığı pozan, ətra mühiti çirkləndirən, eyni zamanda baha başa gələn ənənəvi enerji mənbələri olan neftin, qazın, kömürün tükənməsi ilə bağlı açıqlamalar alternativ vasitələrdən istifadəni aktuallaşdırır. Artıq inkişaf etmiş ölkələr alternativ enerji mənbələrindən istifadəyə üstünlük verməklə, əlavə vəsait tələb etməyən daha müasir istehsal mənbələrindən istifadə edirlər. Hazırda dünyada istehsal olunan enerjinin 18 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Elmi araşdırmalar göstərir ki, Azərbaycanda günəş, külək, termal sular, biokütlə və təbii enerji resursları yüksəkdir. Son tədqiqatlar ölkəmizdə 28 min meqavat həcmində bərpa olunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür.
Alternativ enerjidən, xüsusilə, külək enerjisindən istifadəyə görə dünya dövlətləri arasında ön sıralarda yer alan Azərbaycan günəş enerjinin potensialına görə də fərqlənir.Respublika üzrə ildə 300 günəşli və 270 küləkli günün olmasını nəzərə alsaq demək olar ki, külək və günəş energetikasının inkişafı ölkəmiz üçün perspektivlidir. Belə sərfəli təbii resurslardan istifadə olunan respublikamızda kiçik həcmli istehsal gücünə malik su elektrik stansiyaları ilə birlikdə yaşıl enerji mənbələrindən istifadəyə daha çox üstünlük verilməsi təbiidir.
Azərbaycanın «yaşıl enerji» potensialı təkcə hidroelektrik, günəş və külək enerjisi deyil, biokütlə və geotermal enerjisi baxımından da zəngindir. Hazırda respublikamızın ümumi enerji istehsalında alternativ enerjinin payı 17 faizi keçib. 2030-cu ilə qədər ölkədə istehsal olunan enerjinin 30 faizinin bərpa olunan enerji hesabına formalaşması başlıca hədəflərdəndir. Bu günlərdə keçirilən İkinci Şuşa Qlobal Media Forumunda bu il COP29-a ev sahibliyi edəcək respublikamızın yaşıl enerji siyasətinin uğurlarından ətraflı bəhs edildi. «Biz ən böyük Günəş Elektrik Stansiyasını- 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik... Bununla yanaşı, ötən ay Bakıda biz 3 Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm 1 qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür”» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, alternativ enerji ixracı getdikcə artan Azərbaycan əməkdaşlıq etdiyi ölkələrin enerji ilə təiminatında böyük rola malikdir. Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsi xüsusilə diqqət mərkəzindədir. Gücü 4 qiqavat olan bu layihənin yeganə olmadığını bildirən Prezident İlham Əliyev digər mənbələrin resurslarından istifadəni də xatırladır: «Biz Özbəkistan və Qazaxıstanla bir neçə ay bundan əvvəl Xəzər dənizinin dibi ilə gedəcək elektrik kabeli haqqında saziş imzalamışıq və bunun texniki əsaslandırılması olacaq. Onların da bu sahədə təcrübəsi var. Bizim planlarımız istədiyimiz kimi həyata keçsə, Özbəkistan və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni, bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq”.»
Bu baxımdan enerji ixracı ilə bağlı işlərin sürətləndirilməsi Azərbaycanın enerji diplomatiyasının əsas istiqamətləri kimi gündəmdədir.
Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas»” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılış mərasimlərində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilir. Bu cür yeniliklər Azərbaycanın təşəbbüsü ilə yaradılan əməkdaşlıq formatının daha geniş mənada dəstəklənməsi, təqdimatıdır. Təkzibolunmaz faktdır ki, Azərbaycanın enerji diplomatiyası böyük coğrafiyanı- ABŞ-ı, Avropa İttifaqını, Türkiyəni, ərəb-islam dünyasını əhatə edir. Ölkəmizin COP29-a ev sahibliyi Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad kimi yüksək dəyərləndirilir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu hesab edilir. Xəzərin təbii qazı ilə təmin olunan ölkələrin sayı artır.
Ekspertlərin açıqlamasında qeyd olunduğu kimi, enerji sektorunda innovasiya, tərəqqi və əməkdaşlığın artması sənaye sektorunun və dünya iqtisadiyyatının inkişafına da əsaslı təsir göstərəck. Gələcək əməkdaşlıq üçün əsas format olan şaxələndirmə formatı alternativ enerjinin inkişafına, dayanıqlılığa və daha parlaq, səmərəli gələcəyə töhfə olacaq. İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili»nin ” elan edilməsinin cəsarətli nümunə kimi, göstərilməsi « yaşıl enerji» gündəliyinin maraqlı amillərindəndir.
Birləşmiş Ərəb Əmirlikliyinin (BƏƏ) tanınmış «Masdar»” şirkəti ilə əməkdaşlıq qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyasını sürətləndirir. Qeyd olunduğu kimi, ötən ilin oktyabrında «Masdar»” şirkətinin iştirakı ilə 230 meqavat gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi, hazırda daha 1 qiqavat enerji həcminin əlavə edilməsi son hədd deyil. «Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır» sözləri ilə ölkəmizin enerji resurslarının tükənməzliyini diqqətə çatdıran Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun, bütünlükdə işğaldan azad olunmuş ərazilərdəki nəhəng hidroelektrik stansiyalarının potensialını enerji əməkdaşlığının yeni istiqamətləri kimi, dəyərləndirir. BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi etibarlı əməkdaşlığın, varisliyin dəyərli mirasıdır.
Bu, da təbiidir. İşğaldan azad edilən bölgələrdə 270 meqavat həcmində su elektrik stansiyaları istifadəyə verilib. Qarşıdakı 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpa olunan enerjinin 1 qiqavat həcmi yarım milyard kubmetr qaza qənaətə imkan yaradacaq ki, dünya bazarında bu yanacağa artan ehtiyacın ödənilməsi baxımından sərfəlidir.
COP29-a ev sahibliyi edəcək Azərbaycana qarşı qərəzli dairələrin əsassız bəhanələrinə aydınlıq gətirən dövlət başçımızın vurğuladığı kimi, məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ölkəmizin qaz ixracının bu il 24 milyard kubmetrdən artıq olacağını, Avropanın bəzi ölkələrinin Azərbaycandan qaz aldığını vurğulayan dövlət başçımız İlham Əliyev bu ilin əvvəlində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırmasını respublikamıza etimad kimi dəyərləndirir: «Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir.» Bu əminlik gəlişi gözəl sözlər deyil. 30 il ərzində qaz ixracı ilə bağlı imzalanmış bütün müqavilələrin tam icra edilməsi, parlament tərəfindən ratifikasiya olunub qanun şəklində təsdiqlənməsi ölkəmizə beynəlxalq səviyyədə etimadın artırır.
Bəllidir ki, Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salmaqla dəyərləndirilir. Dənizin suyunun azalmasının, sahildən uzaqlaşmasının səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. «Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil» sözləri ilə müxtəlif bəhanələrlə ölkəmizə qarşı təxribatlar törədənlərin qərəzli bəhanələrinin əsassız olduğunu şərh edən Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır.
«Yaşıl enerji» ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsində , ekoloji çirklənmənin qarşısının alınmasında və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. Belə ki, «yaşıl enerji»dən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Bu, eyni zamanda məşğulluğun təmini baxımından əhəmiyyət kəsb edir. Başqa sözlə, «yaşıl enerji» sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişaf üçün vacib amillərdəndir. Digər bir mühüm üstünlük havanın keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək bərpa olunan mənbələrdən və yaxud «yaşıl enerji»dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud «yaşıl enerji» mənbələrindən əldə edilə bilər.
Göründüyü kimi, «yaşıl enerji»yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətini təşkil edir. Ölkə iqtisadiyyatında «yaşıl enerji» mənbələrindən əldə edilən payın getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas hədəflərindəndir. Azərbaycan «yaşıl enerji» sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir. Prezidentin 2021-ci il 3 may tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində «yaşıl enerji» zonasının yaradılması ilə bağlı tədbirlər haqqında» Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə «yaşıl enerji» zonasının yaradılması üzrə Tədbirlər Planı» təsdiq edilib. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də «yaşıl enerji» məkanlarının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə «yaşıl texnologiyalar»ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir.
Ölkəmizə etimadı «Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir və Azərbaycanın daha da artan nüfuzunu nümayiş etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, «yaşıl enerji» sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axınını stimullaşdırır, «yaşıl iqtisadiyyat» quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. Bu baxımdan COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik Azərbaycan bu sınaqdan da uğurla çıxacaq.
Xuraman İsmayılqızı, «İki sahil»