01 avqust 2024 10:31
491

İnsan bəzən çətin qərarlar verməli olur… - ŞƏRH

Dövlət başçısı İlham Əliyev bildirir ki, bizim tarixdən dərslərimiz olub

“Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur. Bu hadisə bəlkə də bundan 50 il sonra baş verəcəkdi. Yəni burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil, fərq etməz lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq.” Dövlət başçısı İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda  Azərbaycanın hər bir hədəfə doğru inamla addımladığını əsaslı şəkildə diqqətə çatdırdı. Təbii ki, burada söhbət Azərbaycan dövlətinin, xalqının gələcəyi ilə bağlı atılan addımlardan gedir. Azərbaycanın bugünkü reallıqları, eyni zamanda, lider amilinin ölkənin dayanıqlı inkişafında, hədəfə yüksək səviyyədə nail olmasında əsas faktor olduğunu təsdiqlədi.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ məsələsi bizim üçün ləyaqət məsələsi idi. Azərbaycan bu illər ərzində bütün sahələrdə davamlı uğurlara imza atdı, zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu. Hər bir inkişafın əsasında iqtisadi amilin dayandığını nəzərə alsaq Azərbaycanın bu illər ərzində iqtisadi sahədə qazandığı uğurlar günümüzün reallıqlarında və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdə özünün aydın ifadəsini tapır.

Yeni dövrün başlanğıcı…

Yeni dövrün başlanğıcı kimi qəbul edilən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində cənab İlham Əliyevin qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev ayrı-ayrı sahələrdə nəzərdə tutulan işləri, planları açıqlayaraq bu mühüm məqamı xüsusi qeyd etdi ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir.  Müqayisəli təhlil əsasında bu statistic rəqəm diqqətə çatdırıldı. 2003-cü ildə  ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir: “Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.”

Qeyd edək ki,  hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard olub. Cari ilin 6 ayında xarici ticarət balansında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının  açıqladığı faiz dəhlizinin parametrləri haqqında məlumatda bildirilib.

2026-cı ilə qədər 140 min soydaşımız dogma yurd-yuvasına qayıdacaq

Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması sosial-iqtisadi göstəricilərdə  özünü təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son 4 ilə yaxın dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. 4 şəhər və 4 kəndin mərhələ-mərhələ sakinlərinə qovuşması, Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilə qədər 140 min soydaşımızın dogma yurd-yuvasına qayıdışının nəzərdə tutulması  bərpa işlərinin sürəti barədə aydın təsəvvür yaradır. Qeyd etdiyimiz kimi, bütün işlərin sıfırdan Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilməsi bu  realllığın təsdiqidir ki, Azərbaycan 2020-ci il qədərki dövrdə torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, onların bərpasına da hazırlıq görüb. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə etməklə yanaşı, postmünaqişə dövründə Azərbaycanı və Cənubi Qafqazı necə görəcəyimizi də açıqladı. Bu günlərdə sözügedən  Şuşa Qlobal Media Forumunda da cənab İlham Əliyev Azərbaycan və Cənubi Qafqazın gələcəyi ilə  bağlı istəklərini bildirərkən bu məqamları bir daha diqqətə çatdırdı ki, gələcək inkişafa töhfə vermək istəyən insanlar gərək yeni milli ideyanı formalaşdıraq. Belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq. “Lakin biz dincəlməməliyik, biz bu mövzunu uzun-uzadı müzakirə etməməliyik. Çünki bu mövzunu çox uzun müddət istismar etmək olar, lakin bu, bizə bir nəticə verməyəcək. Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik” söyləyən dövlət başçısı İlham Əliyev onu da  bildirdi ki, bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Yeni əməkdaşlıq formatları isə üzə çıxmaqdadır.  Cənab İlham Əliyev özlüyündə yaranan “Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, hansı Cənubi Qafqazda yaşamaq istəyirik” sualına cavab olaraq bildirdi ki,  hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməliyik. Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək.

  Göründüyü kimi, məqsədə nail olmaq üçün düzgün müəyyənləşdirilən addımın atılması əsasdır. Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında da əsas amil məhz qeyd edildiyi kimi, prinsiplərinin dəyişməzliyidir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirmək kifayətdir.

 Ordumuz təlimlərdə, paradlarda yox, döyüş meydanında öz gücünü göstərdi

Eyni fikirləri ölkəmizin hərbi sahədə qazandığı uğurlarla bağlı da qeyd edə bilərik. Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi  hərbi gücünün artırılması istiqamətində mühüm addımların atılmasını, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasını  şərtləndirdi. Tarixi Zəfərimiz, ondan üç il sonra  bir günlük lokal antiterror tədbirləri Ordumuzun gücünü, qüdrətini nümayiş etdirdi. Cənab İlham Əliyev qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Ermənistan ərazisinə iddiamız yoxdur. Ancaq onlar da öz iddialarını geri döndərməlidirlər: “Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.”

Döyüş təcrübəmiz əvəzolunmazdır. Ordumuz təlimlərdə, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa,  sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir. Üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib. Ordumuzda çox yüksək mənəvi ruh var. Peşəkarlığımız artır.

Dövlət başçısı İlham Əliyevin yazının əvvəlində qeyd etdiyimiz fikirlərinə söykənərək 44 günlük  İkinci Qarabağ müharibəsi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində jurnalistin «Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi» sualına cavabını xatırlatmaq istərdik. «Atamın yolu mənim üçün bir işıq yoludur» söyləyən ölkə Prezidenti bildirmişdir ki, onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur: «Mən ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə - istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Çünki ona da təzyiqlər olmuşdur. Onun dövründə də təzyiqlər olmuşdu ki, Dağlıq Qarabağa müstəqillik verin, Dağlıq Qarabağ sizdən ayrıldı, sizdən qopdu. O, təzyiqlərə tab gətirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sənədə qol qoymadı. Çünki o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüd olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm - Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.»

Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Vətən müharibəsinin Müzəffər Sərkərdəsi kimi öz qətiyyətli yanaşmaları ilə düşmən tərəfinə, həmçinin anti-Azərbaycan mövqeli xarici qüvvələrə mesajlar  göndərməklə qələbəyə doğru gedən yolda bütün maneələrin dəf ediləcəyinə, qarşıya qoyulmuş məqsədə tam nail olunacağına əminlik yaradırdı. Müharibə dövründə orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında məhz  Ali Baş Komandanın cağırışları, əminlikləri  dayanırdı. İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, ən əsası xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur,  torpaqlarımız sahibinə qovuşduğu üçün alnı açıq, başı ucadır.

Prezident  İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri, nitqində yer alan çağırışlar, mesajlar  hər kəsdə daha möhtəşəm gələcəyə inam formalaşdırır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edir ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər: «Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.»

Məqsəd uğurların başlanğıcıdır

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən sonra  işğaldan azad edilmiş bütün  torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağının  dalğalanması, Müzəffər Ali Baş Komandanın Xankəndidən, Xocalıdan xalqa müraciətləri, bu məkanlara soydaşlarımızın qayıdışı, sentyabr ayından isə Xankəndi şəhərinə köçün başlayacağı hər bir məqsədə doğru inamla addımladığımızı nümayiş etdirir. Şuşanı  dipomatik mərkəzə  çevirən  tədbirlərin keçirilməsi, sənədlərin imzalanması qürurvericidir. Qarabağın tacının  şöhrətinin qısa müddətdə  özünə  qaytarılması bu doğma torpağın Azərbaycan xalqı üçün xüsusi önəmi olduğunu təsdiqləyir. Cənab İlham Əliyev, həmçinin    Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin istiqamətin hara olması ilə bağlı sualını cavablandırarkən bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir: “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.

Qeyd etdiyimiz kimi, məqsəd uğurların başlanğıcıdır. Bu gün azad Qarabağımız, azad Şuşamız  dirçəlir. Ulu Öndər Heydər Əliyevin yaratdığı  möhkəm təməl  Azərbaycanın davamlı uğurlarına, hər bir hədəfə yüksək səviyyədə nail olmasına yol açır. Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in uğurlu icrası gələcəyə böyük inamla baxmağa əsas verir. Bütün addımların əsasında  soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat yaşayışının təmin edilməsidir. Şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır. Dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə və qürur hissi ilə bildirir: «Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.»

Yeganə Əliyeva, “İki sahil”