01 avqust 2024 09:30
1154

Fransa indi də üstümüzə TF1-lə gəlir

Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın müstəmləkəçilik siyasətinin iç üzünü açmaqda davam etməsi, onlara mənəvi cəhətdən dayaq olması bu ölkəni əməlli-başlı təşvişə salıb. Məhz buna   görə Fransa  BTQ-ni hədəfə götürüb. Belə ki, Fransanın  bir sıra media orqanları kimi, TF1 telekanalı da Azərbaycana, habelə BTQ-yə qarşı qərəzli və qeyri-obyektiv fikirlər səsləndirməkdədir. Bu günlərdə TF1 kanalında efirə getmiş "Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır" adlı reportaj bunu bir daha sübut edir. Bəri başdan qeyd edək ki, həmin reportaj heç bir fakta əsaslanmadan hazırlanıb. TF1 Qrupunun Ara Aprikiyan kimi erməni əsilli şəxslər tərəfindən idarə olunmasını nəzərə alsaq, həmin reportajın nə qədər qərəzli olduğunu təsəvvür etmək çətin olmaz. 

Əvvəla qeyd edək ki, Azərbaycan heç zaman hazırda özünü “demokratiyanın beşiyi” adlandıran Fransanın daxili işlərinə qarışmayıb və qarışmaq fikri də yoxdur. Rəsmi Bakı sadəcə kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə çalışır. Və bu istiqamətdə əməli addımlar atır. Özü də bütün bunları beynəlxalq hüquq normaları çərçivəsində, həm də  Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun həyata keçirir. Bu mənada əminliklə demək olar ki, Azərbaycan konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır. Amma bu, bu faktdır ki, Fransa  Afrika ölkələrinin bir hissəsini nəzarətində saxlayır. Fransa bu gün də həmin ölkələrə müstəqillik verməkdən boyun qaçırır. Yəni, onların istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, Fransanın Avropa­dan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıq­larıdır: “Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən, özünün digər dənizaşırı icma və ərazilə­rində yaşayan xalqların hüquqlarına hör­mət etməlidir...” Məgər bütün bunları dilə gətirmək, dünyaya bəyan etmək təxribatdır? Məgər bu, Fransanın daxili işlərinə qarışmaqdır? Yeri gəlmişkən, bu ölkə demək olar bütün dövlətlərin daxili işlərinə burnunu soxur, ona söz deyəndə isə bildirir ki, daxili işimizdir, qarışmayın. 

 Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan Fransa bu kimi təxribatları ilə hər vəchlə ölkəmizin tarixi qələbəsini gözdən salmağa, eləcə də azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işlərinə, sülh prosesi istiqamətindki danışıqlara sözün həqiqi mənasında,  kölgə salmağa çalışır. Bütün bunlarla bağlı qətnamələr qəbul edir, bəyanatlar səsləndirir. Hətta avantürist Makron Fransası əlinə düşən hər fürsətdən yarınmağa çalışır. Elə iyul ayının 26-da XXXIII Yay Olimpiya Oyunlarının (“Fransa-2024”) rəsmi açılış mərasimindəki paradda Fransanın “France 2” İctimai televiziya kanalının aparıcısı Ermənistan oyunçuları keçərkən “Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib” kimi ifadələr işlətmədimi? Bizim komandımız   keçəndə isə Azərbaycanı “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim etmədimi? İdman siyasətdən uzaq olduğu üçün Fransa bu kimi hallara yol verməklə növbəti dəfə qərəzli mövqeyini ortaya qoymadımı?  Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilmədimi? Bax, budur, daxili işlərə qarışmaq. Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycan İcması ilə yanaşı, BTQ də Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Həmin bəyanatda bu kimi halların Olimpiadanın ruhuna tamamilə zidd olduğu vurğulanmaqla yanaşı, birmənalı şəkildə bildirilir ki,  Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.  Bu olayla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu da göndərilib. Bu məqamda bir məsələni  vurğulamaq yerinə düşər. Fransız teleaparıcının Azərbaycan və Ermənistan idmançılarının keçidi zamanı ayrı-seçkilik etməsindən, Azərbaycanı Ermənistanla hərbi toqquşmalarda günahlandırmasından təcavüzkar ölkənin havadarları öz xeyirlərinə istifadə etməyə çalışırlar. Məsələn, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini “X” sosial şəbəkəsində “Frans2” telekanalının aparıcısının sözlərini sitat kimi  paylaşıb. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev isə "X"  sosial şəbəkəsində fransız teleaparıcı və səfirə belə cavab verib: “Ermənilər təbii ki, sizin dostlarınızdır. Amma Qarabağın “yıxılması” deyil, onun yeniləşməsi, dirçəlişi başlayır, gözəl perspektivləri açılır”. Göründüyü kimi, Ermənistan və onun havadarları hələ də məkrli niyyətlərindən əl çəkmək istəmirlər.

 Qeyd edək ki, BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Ötən bir il ərzində  BTQ tərəfindən BMT-nin qərargahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqında məlumatlar təqdim olunub, müvafiq petisiyalara start verilib. Şübhəsiz, əzilən, müstəmləkə altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləyən BTQ-nin fəaliyyəti  təqdirəlayiqdir. Elə bu kimi səbəblərdən də Prezident İlham Əliyev dünya miqyasında böyük hörmətə malik olan bu qurumun fəaliyyətini  dəfələrlə yüksək dəyərləndirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”