01 avqust 2024 02:29
402

Ermənistan Qərb üçün "geopolitik alət"dən başqa bir şey deyil

Qərbdə Ermənistanın Rusiyadan yaxın gələcəkdə birdəfəlik qoparılmasının mümkün olmayacağına artıq tam əmin olmağa başlayıblar... Ona görə də, Qərb orta və uzunmüddətli perspektivdə faydalana bilməyəcəyi Ermənistana əlavə "hərbi-siyasi investisiya" yatırmaq istəmir... Cənubi Qafqazda ABŞ və Qərbin Rusiya ilə qarşıdurması artıq açıq müstəviyə keçib. Xüsusilə də, bu iki nəhəng düşərgənin məhz Ermənistanda həlledici “savaş”a başladığı açıq-aşkar nəzərə çarpır. Hər halda, hazırda ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasında "ikinci cəbhə xətti"nin elə Ermənistan ərazisindən keçdiyi artıq inkaredilməz reallıqdır. Və hazırda Ermənistanda baş verənlər məhz bu savaşın real nəticələri hesab oluna bilər. ABŞ və Qərb hazırda çox qəliz vəziyyətə düşmüş Paşinyan hakimiyyətinə açıq dəstək verməyə qətiyyən tələsmir. Və bu baxımdan, "kilsə qiyamı"nın başlandığı gündən indiyə qədər Qərbin daha çox susmağa üstünlük verməsi təəccüblü görünür. Halbuki, ABŞ və Qərbin Rusiyaya qarşı təlimatları dərhal yerinə yetirməyə can atan Paşinyan hakimiyyətini siyasi meydanda təkbaşına buraxması Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək faktordur. Rəsmi İrəvan indiyə qədər Kremlə xəyanətini məhz Qərbin dəstək vədlərinə güvənərək, inkişaf etdirib, Ermənistanın Rusiya ilə münasibətlərini tamamilə korlayıb. Yəni, normal məntiqə görə, Qərb "erməni demokratiyası"nı daha həvəslə müdafiə etməliydi. Və indiki situasiyada belə niyyətin ümumiyyətlə, olmadığı da açıq-aşkar nəzərə çarpır. Böyük ehtimalla Qərbdə Ermənistan məsələsinə daha "praqmatik pəncərə"dən baxmağa üstünlük verirlər. Belə ki, Paşinyan hakimiyyəti nə qədər Qərbin bütün təlimatlarını qeyd-şərtsiz icra etsə də, Ermənistanın yaxın gələcəkdə Rusiyadan uzaqlaşmaq şansı mövcud deyil. Yəqin ki, Qərbdə bu inkaredilməz və taleyüklü reallığı anlayırlar, elə məhz buna istinadla da qərar verməyi üstün tuturlar. Və bu, o deməkdir ki, Ermənistan Qərb üçün ən yaxşı halda, sadəcə, "geopolitik alət"dən başqa bir şey deyil.

İndi Ermənistanda da etiraf olunur ki, Qərb, xüsusən də Fransa müxtəlif vədlərlə İrəvanı aldatmaqla məşğuldur. Bu xüsusda “Sputnik Armenia” portalı yazır: “Ermənistanda iqtidarda olan Nikol Paşinyan hakimiyyətinin reytinqlərinin ardıcıl olaraq aşağı düşməsi səbəbindən “Qərb dostlarımız” tərəfindən ölkə vətəndaşlarının “aqressiv şəkildə beyinlərinin yuyulması” getdikcə daha da şiddətlənir. Ermənistanda informasiya axınının təhlili göstərir ki, “qürurlu vətəndaşların” beyninə üç əsas tərəfdən hücum edilir. Birincisi, guya Türkiyə-Azərbaycan tandemi Ermənistana qarşı müharibə edəcək. İkincisi, amerikalılar “sülh”, avropalılar isə, təbii ki, Ermənistanın müstəqil, suveren və təhlükəsiz ölkə kimi mövcud olmaqdan imtina etməsi müqabilində vətəndaşlara “vizasız” gediş-gəliş sözü verirlər. Üçüncüsü, Ermənistana cüzi maliyyə yardımını (məsələn, Avropa Sülh Fondundan 10 milyon avro) əlavə etmək lazımdır. Həmçinin, beyin yuyulması üçün Ermənistanın media sahəsinə külli miqdarda dollar yeridilib. Burada məbləğ on milyonlarla dollar təşkil edir. Bütün bunlar isə Ermənistan hökumətinin sadəlövh marketinq hərəkətləri fonunda (velosiped marafonu, ölkənin ali rəhbərlərinin qayğısız selfiləri, Berlində, Londonda qəhvə içmək) daha intensiv xarakter alır. Təbii ki, bütün bunlar, bir tərəfdən, “Qərb üstünlükləri” müqabilində Ermənistanın de-fakto neytrallaşdırılmasına hesablanıb. Digər tərəfdən, bu, Ermənistandakı mövcud gücü yenidən “Qərb faydaları” müqabilində iqtidarda saxlamaq üsuludur. İndi isə bunların real olduğunu göstərmək üçün əslində nə baş verdiyini nəzərdən keçirək. Dövlətin yüksək vəzifəli şəxslərinin təmsil olunduğu Ermənistan hökuməti eksklüziv olaraq “sadəcə yeyin, için, vergi ödəyin, xoşbəxt olacaqsınız” üslubunda təbliğat şouları ilə məşğuldur.

Göründüyü kimi, Qərb, xüsusilə də Fransa hər fürsətdə Ermənistanı öz toruna salmağa, belə demək mümkünsə, başını aldatmağa çalışır. Ermənistanı maşa kimi istifadə edənlər Cənubi Qafqazda yeni nüfuz savaşına başlayıb və mövcus geosiyasi düzəni nəyin bahasına olursa olsun məhv etmək planları qurur. Bu isə şübhəsiz ki, bölgədə onsuz da həssas olan münasibətləri gərginləşdirəcək, ciddi təlatümlər, yeni müharibələrə səbəb olacaq. Əgər İrəvan dövlətçiliyinin gələcəyinin sual altında olmasını istəmirsə, regional əməkdaşlıq mühitinin təmin olunmasını arzulayırsa, təlqin, təhrik və təzyiqlərdən xilas olmalı, başqasının yox, özünün maraqlarına uyğun addımlar atmalıdır.

Sevinc Azadi, “İki sahil”