31 iyul 2024 10:25
296

Ana dilimiz bizim toxunulmaz sərvətimizdir

Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb

Ümummilli Lider Heydər Əliyev tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.  Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və  Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları deyilənlərin təsdiqidir. Fərmana əsasən,  hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.

Bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub

Son 20 ildən artıq dövrdə  Ümummilli Lider  Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir.  “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki,  bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” 

Ana dilimizin saflığının və zənginliyinin qorunması

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan  Prezident İlham Əliyev 2013-cü ildə   “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi.  Bu sənəd milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin  2018-ci ildə imzaladığı  “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmin ilin noyabr ayında isə cənab İlham Əliyevin   imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Sirr deyil ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz həqiqətlərdir. Bu gerçəkliklər dövlətimizin başçısının məlum Fərmanında da öz əksini tapıb ki, mövcud  sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan sənədə əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı.

Xalqı onun dili, dövləti isə onun xalqı yaşadır

Əbəs yerə deyilmir ki, bir xalqı məhv etmək istəyirsənsə, onun dilini və ziyalısını əlindən al. Dil bir xalqın varlığı, onun təqdimatıdır. Azərbaycan xalqının tarixin  sınaqlarına sinə gərərək yaşamasında, zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq və dövlət anlayışları  bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə də həmin dəyərini  qoruyub saxlamaqdadır.   Reallıq budur ki,  dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  xalqı onun dili, dövləti isə onun xalqı yaşadır.  Məhz bu kontekstdən yanaşdıqda  hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər sırasında  dilinin qorunması və zənginləşdirilməsi  əsas yer tutur.

Ulu Öndər Heydər Əliyevin “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirir ki,  bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.

Milli varlığımız kimi dəyərləndirdiyimiz    dilimizə  hörmətlə  yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə  töhfəmizi verək, günbəgün genişlənən əməkdaşlıq əlaqələrinin inkişafında dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığımızın nə kimi rol oynadığını  düzgün təbliğ edək. Azərbaycanın bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsində  bu mühüm məqamların yeri və rolu inkaredilməzdir.

Mədəniyyətimizə, tariximizə dərin ehtiram…

Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz  AMEA-nın illik ümumi yığıncağında ədəbiyyat, tarix  üzrə araşdırmaların da  davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.”  Cənab İlham Əliyevin Sərəncamları ilə  2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin “Nizami Gəncəvi İli”, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin “Heydər Əliyev İli”  elan edilməsi də tariximizin, ədəbiyyatımızın, ümumilikdə Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərində qeyd edilən sahələrdə atılan addımların təhlilinə geniş imkanlar yaratdı. Əvvəldə də qeyd etdiyimiz kimi, bu ənənələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü  ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Ulu Öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətəlrini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. 

Qeyd etdiyimiz kimi, tariximizin öyrənilməsi, indiki və gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar” söyləyən dövlətimizin başçısı İlham Əliyev  daim diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yönümündə görülən işlərə yönəldir.

Yeganə Əliyeva, “İki sahil”