31 iyul 2024 00:08
330

Əli Kərimlinin bir təməl prinsipi var: “Sağ əlin verdiyini, sol əl bilməməlidir”...

AXCP sədri Əli Kərimli son zamanlar milli maraqlarımızın, dövlətçiliyimizin əleyhinə səsləndirdiyi əsassız iddiaları, hədyanları ilə diqqəti daha çox çəkir. Belə ki, erməni lobbisinin təsiri altında olan fondlardan aldıqları çirkli pulların müqabilində bu həşəmətli “bəy” hər gün sosial şəbəkələrdə ölkəmizin beynəlxalq imicini korlamaq, ictimai rəyi çaşdırmaq üçün ən iyrənc üsullara əl atır. Qalib xalqın vətəndaşı kimi yaşamaq duyğusundan məhrum olan Ə.Kərimli indi də xaricdəki ağalarından aldığı tezislər əsasında ölkəmizə qarşı mənəviyyatsız “qara piar” kampaniyası aparır. Özü də bütün bunları bilərəkdən, xəyanətkarcasına ölkəmizdə COP29 kimi nüfuzlu beynəlxalq tədbirin keçiriləcəyi ərəfədə edir.

Danılmaz həqiqətdir ki, bəşəriyyəti, bütün tərəqqipərvər qüvvələri narahat edən iqlim dəyişikliyi ilə bağlı COP29 kimi genişmiqyaslı beynəlxalq tədbirin öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən, regionda əsas nüfuz və söz sahibinə çevrilən Azərbaycanda keçirilməsi Qərbdəki bəzi məkrli dairələri və erməni lobbisini bərk narahat edir. Buna görə də həmin qüvvələr ölkəmizdə keçiriləcək COP29 ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarını gücləndirmək, necə deyərələr, ona “yeni çalarlar” əlavə etmək üçün daxildəki antimilli ünsürlərdən məharətlə istifadə edirlər. Onu da yaxşı bilirik ki, məlum qərəzli dairələr belə işlərdə adətən səxavətlərini əsgirgəmirlər. Ölkəmizə qarşı bu cür üzdəniraq kampaniyaların paradiqmalarına diqqət edəndə aydın görünür ki, Azərbaycan əleyhinə çağırışların, qara piar kampaniyasının arxasında Qərbdəki ermənipərəst dairələr dayanır.

Hamımız 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları və digər beynəlxalq tədbirlər zamanı başda Ə.Kərimli  olmaqla məlum düşərgənin belə çirkin əməllərinin şahidi olmuşuq. Belə ki, bu antimilli ünsürlər öz ölkəsinə, onun milli maraq və mənafelərinə qənim kəsilmiş xəyanətkarlar həmin dövrdə əvvəlcə demokratiya, insan hüquqları, sərbəst toplaşmaq azadlığı və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yayır və anti-Azərbaycan qüvvələrə ötürürdülər. Təpədən dırnağa, sümüyünə, iliyinə qədər Azərbaycan əleyhdarları olan həmin təşkilatlar da o məlumatların, şər-böhtanların rəngini bir az da tündləşdirərək Qərbin müxtəlif dairələrinə sızdırırdılar. Bu gün də məlum antimilli, marginallaşmış dəstə öz ağalarının göstərişi ilə informasiya məkanında, necə deyərlər, “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaratmaq, cəmiyyəti çasdırmaq üçün dəridən-qabıqdan çıxır. Bütün bunlar satqınlığın, xəyanətkarlığın, mənəviyyatsızlığın, ən əsası isə Vətən əxlqından, xalq, torpaq təəssübündən çox-çox uzaq olmanın təcəssümü və pik nöqtəsidir.

Hər kəsə yaxşı məlumdur ki, bütün bunlar boş cəfəngiyyatdan və həqiqətlərin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Ancaq o da aydındır ki, Ə.Kərimlinin ictimai rəyi çaşdırmaq üçün istifadə etdiyi bütün bu köhnəlmiş “taktikalar” heç bir nəticə verməyəcək. Çünki AXCP sədrinin və onun orbitində fırlananların söylədikləri obyektiv reallığı əks etdirmir.

Hələ də ötən əsrin 90-cı illərinin küçə psixologiyasından əl çəkə bilməyən bu marginallar  hər dəfə olduğu kimi, məkrli niyyətlərindən əl çəkməyərək təxribatlara əl atırlar. AXCP sədri Əli Kərimlinin, müavinləri Seymur Həzinin, Ayaz Məhərrəmlinin sosial şəbəkələrdəki çıxışları bir daha deməyə əsas verir ki, radikal müxalifət təmsilçiləri üçün Vətən, torpaq, məhfumları heç bir məna kəsb etmir. Bu, danılmaz həqiqətdir.

 Hər kəsə bəllidir ki, AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Əli Kərimli həmişə bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynayıb. Keçmiş dövlət başçısı, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəy də müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. Bu “yurdçu bəy”in həmişə bir təməl prinsipi olub: “Sağ əlin verdiyini, sol əl bilməməlidir”...

Zahid Rza, “İki sahil”