31 iyul 2024 00:51
351

Qərb Ermənistandan əl çəkəcəkmi?

İndi də Ermənistanın Sünik (Zəngəzur - red.) və Tavuş rayonlarında əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirilir. İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib. Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir. Son günlər şərti sərhəddə təxribatların artması,  Qərbin Ermənistanı öldürücü silahlarla silahlandırmaqda davam etməsi, təcavüzkar ölkəyə Avropa İttifaqının "Sülh Fondu" adı ilə 10 milyon avroluq vəsait ayırması, həmçinin ABŞ-la birgə təlimlərin keçirilməsi fonunda bu təlimlər diqqət çəkir. Digər tərəfdən, Ermənistanda sabiq separatçı-terrorçu xuntanın keçmiş nümayəndələri də aktivləşiblər.  Hətta  radikal-revanşist və avantürist, keşiş Baqrat Qalstanyan Azərbaycanı hədələyərək deyib ki, “biz nə yolla olur-olsun, "artsax"a qayıtmalıyıq”.  Açıq-aydın görünür ki, militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirmə, bu ölkədə revanşist meyilləri gücləndirmək hədəf götürülüb. Hətta cəhənnəmə göndərilmiş xuntanın tör-töküntüləri Ermənistanda təşkilatlanmağa, müxtəlif "icma qurumları" və "fond"lar təsis etməyə nail olublar.  Şübhəsiz, Qərbin dəstəyi ilə… Bu prosesdə Qərbin, o cümlədən ABŞ-ın, Fransa rəsmilərinin onlarla keçirdikləri "kövrək notlu" görüşlər də önəmli rol oynamaqdadır.  Yeri gəlmişkən, son aylar Hayastana belə təlimatlarla gəlib-gedənlərin demək olar ki, sayı hesabı yoxdur.

Görünür, Ermənistan hakimiyyəti havadarlarından aldıqları növbəti tapşırıqları yerinə yetiməkdə davam edir. Şübhəsiz, bütün bunları müharibə elementləri kimi xarakterizə etmək olar.  Məqsəd nəyin bahasına olursa-olsun  Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, həm də bölgədə ciddi qarşıdurma yaratmaqdır. Bütün bunlar isə bir daha Ermənistanın hələ də sülhə meyilli olmamasından, daha doğrusu uzaqlaşmasından xəbər verir. Göründüyü kimi,  sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngitməklə yanaşı, Qərbi Cənubi Qafqa­za pərçimləməkdə, onun regionda üstün mövqeyə yiyələnməsində rol oynamaq­da israrlıdır. Elə bu kimi səbəbləri əsast tutan  “Parlaq Ermənistan” partiyasının lideri, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan bir neçə gün öncə deyib ki, sülh müqaviləsinin imzalanması ehtimalı son dərəcə aşağıdır. Halbuki, iki ölkə arasında sülhün əldə edilməsi üçün çətin və həll olunmayan məsələlər yoxdur.  

Bəli, hazırda görünən budur ki, Cənubi Qafqaz bölgəsində Rusiyanın geosiyasi mövqelərini maksimum dərəcədə zəiflətmək, bu ölkəni  regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan Qərb üçün hazırda  "ideal vasitə" rolunu məharətlə oynamaqdadır. Qərb də Ermənistanın sözün həqiqi mənasında bu xamlığından yetərincə faydalanmaqdadır.

Bəs görəsən, Çənubi Qafqazda Ermənistanın əli ilə möhkəmlənmək istəyən Qərb, xüsusilə bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan  Makron Fransası bu təcavüzkar ölkədən nə vaxt əl çəkəcək? Bu suala çox cavablar verirlər. Onlardan biri də erməni politoloq Suren Surenyantsa məxsusdur. Belə ki, o, birmənalı şəkildə Qərbin Ermənistanı Rusiyaya qarşı ikinci Ukraynaya çevirmək istəyindən əl çəkməyəcəyini bildirib. Bu isə o deməkdir ki, nəticədə Ermənistanı Ukraynanın taleyi gözləyir. Amma bu da faktdır ki, Qərb proseslərə dəstək verir, sonra da uzaqlaşır. Bu Gürcüstanda və digər yerlədə görünüb və eyni ssenari Ukraynada da davam edir. Bu gün minlərlə insan elə Qərbin bu kimi avatürist siyasətinin qurbanı olur. Yeri gəlmişkən,  Surenyants həmçinin qeyd edib ki, Macarıstanın Baş naziri Orban Ukraynanın yaxın gələcəkdə NATO və Avrop İttifaqına (Aİ) üzvü olmayacağını dilə gətirib: “Düşünmürəm ki, Aİ-də bu fikirdə olan yeganə şəxs Orbandır, sadəcə, Orban başqalarının düşündüklərini səsləndirən yeganə şəxsdir. Ukrayna çox yüksək qiymət ödədi, dövlətçiliyin dağılması ilə üz-üzədir, lakin onun NATO və Aİ-yə üzvlüyü qətiyyən təmin edilmir. Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizə təsir edər”. Bəli, Suren Surenyants da hazırkı vəziyyətdən, Ermənistanın məhv olacağından narahatdır. Bütün bunlar isə Nikol Paşinyan hakimiyyətinin heç vecinə də deyil. Şübhəsiz, bu da elə geosiyasi sifari­şidir.

Amma Azərbaycan bölgəni gözləyən fəlakətdən sığortalamaq məqsədilə sülhlə bağlı daha mətin addımlar atmaqdadır. Yəni, sülh təşəbbüsləri ilə çıxış etməkdə davam etməkdədir. Şübhəsiz, bütün bunlar Qərbin planlarının həyata keçirilməsinə imkan verməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”