30 iyul 2024 15:56
594

Azərbaycan dili varlığımız və sərvətimizdir

Hər bir millətin milli dili onun üçün müqəddəs və əzizdir. Eyni zamanda dil hər bir millətin milliliyinin əsasıdır. Tarixin dolanbac yollarında bir millətin milli varlığının ən çətin dövrlərdə belə qorunub saxlanılmasında dilin əvəzsiz rolu olmuşdur. Milli dilindən məhrum olan xalq gec-tez tarix səhnəsini tərk etmiş olur.
Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz bir xalq olaraq zamanın cürbəcür sınaqlarından keçərək, dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Azərbaycan dili Azərbaycan xalqının ən böyük milli sərvətidir. Bu tezisi milli-mənəvi dəyərlərə sahib olan hər bir vətəndaş bir an olsun belə unutmamalıdır. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biridir.
Ulu Öndər Heydər Əliyev milli dilimizə ən yüksək səviyyədə dəyər vermiş, dilimizin qorunub saxlanılması və daha da zənginləşdirilməsi ilə bağlı olaraq öz diqqət və qayğısını əsirgəməmişdir. Ümummilli Liderimiz Heydər Əliyev qeyd edirdi ki, mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Ulu Öndərimiz qürur hissi ilə bildirirdi ki, milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır. Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.
Milli dilimizlə bağlı Ulu Öndər Heydər Əliyev kursunu uğurla davam etdirən möhtərəm Cənab İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Dövlət başçımızın 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Azərbaycan dilimiz bizim milli kimliyimizdir, varlığımız, sərvətimizdir, müstəqilliyimiz və əbədiliyimizdir. Onu qorumaq, nəsildən-nəslə ötürmək hər birimizin müqəddəs borcudur. 

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi