29 iyul 2024 23:10
359

Olimpiya Oyunlarının prinsipləri “Paris-2024”də açıq-aşkar pozulur

Ölkəmizə qarşı zəhər püskürən Fransa Azərbaycan-Ermənistan münasibətlərinin sülhə doğru irəliləməsinə mane olmaqla, çirkin əməllərini yerinə yetirir. Makron hakimiyyəti Azərbaycana qarşı xəbis niyyətini 2024-cü il Paris olimpiadasının açılışı vaxtı da nümayiş etdirib. Belə ki, Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirmişdir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir ki, Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilmişdir. Olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır. 

Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edib.

Ümumiyyətlə 33-cü Yay Olimpiya Oyunları Fransanın iç üzünü bir daha  ortaya çıxardı. Olimpiya Oyunları bir daha göstərdi ki, Paris evsiz-eşiksizlər şəhəridir. Hələ Yay Olimpiya Oyunları ərəfəsində “The New York Times” yazırdı ki, Fransa hakimiyyəti 5 minə yaxın evsiz miqrantı Parisdən qovub. Qeyd olunub ki, Parisdə Olimpiya kəndi minlərlə insanın küçə düşərgələrində və ya tərk edilmiş binalarda yaşadığı ən kasıb şəhərətrafı qəsəbələrdən birində yaradılıb. Qəzetin məlumatına görə, Parisdə və onun ətraflarında 100 minə yaxın evsiz yaşayır.

Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalmış paytaxtın 18-ci dairəsinin bələdiyyə binası qarşısında daha bir reallıq nümayiş olunub.  Belə ki, onlarla evsiz ailə ağır vəziyyətlərinə etiraz olaraq 18-ci rayonun meriyasının qarşısına toplaşıb. Bəziləri gecəni də meriyanın qarşısındakı küçədə keçirib.

Təqribən 300 insan bu acınacaqlı vəziyyətə dözmədiklərini bildirir. Üsyançılar dövlət orqanlarına etiraz etmək üçün bir araya gəlmiş Afrika əsilli miqrantlardır. Onlar getdikcə daha ağır yoxsulluq səviyyəsinə düşmələrinin səbəblərindən birinin Olimpiya Oyunları olduğunu deyirlər. Assosiasiyaların fikrincə, evsizlər üçün ayrılmış 3000 yerin Oyunlara gələn turistlərə kirayə verilməsi vəziyyəti daha da ağırlaşdırıb. Etirazçılardan bəziləri xəstəxanalardan yarımçıq çıxarıldıqlarını bildiriblər.

Bütövlükdə,  80 təşkilat Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıb. Etirazçılar əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12500 insan qovulub” şüarı yazılmış plakatlar tutublar.  Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.

“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.

Assosiasiyalar Olimpiya Oyunları ərəfəsində Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.“Watizat” assosiasiyasının koordinatoru küçələrdə yaşayan evsiz insanların qeyri-insani şəkildə təxliyə edilmələrinin onların psixi durumuna ciddi təsir etdiyini bildirib.

Göründüyü kimi, Olimpiya Oyunlarının prinsipləri “Paris-2024”də açıq-aşkar pozulur. Halbuki Olimpiya Xartiyasında qeyd edilir ki, Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir.

Bakı Təşəbbüs Qrupunun bəyanatında da bildirilib ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir. Polineziya, Korsika, Melaneziya, Karib və Antil adalar qrupundan olan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən, məşğulluq sektorunda və mənzillərin əldə edilməsinə çıxışda ayrı-seçkilik, eləcə də təbii sərvətlərin istismarı və ya məsələn, Fransa Hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınıb.

Bəyanatda o da qeyd olunub ki, XXI əsrdə “sülh və ümid anı” olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi? Olimpiya Oyunlarına ev sahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində azyaşlı uşaqları ilə birlikdə bu “sülh anı”nı yaşamaq hüququ var.

Dünyada neokolonializm meyillərinin artmasından narahatlığını ifadə edən Azərbaycan müstəmləkəçi Fransanın bu iyrənc siyasətinə qarşı çıxır, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyərək azadlıqlarına qovuşmaları üçün əlindən gələni əsirgəmir.

Prezident İlham Əliyevin yaxı günlərdə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda qeyd etdiyi kimi, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.

Nigar Orucova, “İki sahil”