29 iyul 2024 22:45
320

Əməkdaşlıq, birlik məkanı

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu başa çatdı.

Forumda cənab İlham Əliyevin çıxışı və tədbir iştirakçılarının suallarına cavabı Azərbaycan haqqında dolğun məlumatların əldə edilməsində zəngin mənbə oldu. Hazırkı dövrün çağırışları barədə geniş məlumat verən dövlətimizin başçısı türk dünyasının birliyindən, həmrəyliyindən danışdı. “Türk Dövlətləri Təşkilatının gələcək inkişafına, mənim baxışlarım burada tamamilə aydındır” söyləyən cənab İlham Əliyev bildirdi ki, , bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür. Bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq: “O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə. Yəni, hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Ancaq sizin də qeyd etdiyiniz kimi, Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.” Cənab İlham Əliyev xarici siyasət uğurlarımızın tərkib hissəsi olaraq Azərbaycan-Pakistan münasibətlərindən də bəhs etdi. Qeyd eək ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə ilə yanaşı, Azərbaycan-Pakistan qardaşlığının da nümunəsinin şahidi oldu. Sonadək Azərbaycana siyasi və mənəvi dəstəyini göstərən Pakistanla ölkəmizin əlaqələrinin hazırkı inkişafı reallıqlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin bu günlərdə Pakistana dövlət səfəri bunun bariz nümunəsidir. Dövlətimizin başçısı Forumdakı çıxışında diqqəti bu səfərə yönəldərək bildirdi ki, həm Baş nazir, həm Prezident tərəfindən çox yüksək qonaqpərvərlik göstərildi. O səfərin nəticələrinə görə çox şadam. Səfər çərçivəsində 17-yə yaxın sənəd imzalandı. Onların bir çoxu artıq icra olunur: “Eyni zamanda, biz Azərbaycan üçün Pakistanda sərmayə imkanlarını nəzərdən keçirdik və mənim qardaşım, Baş nazir Məhəmməd Şahbaz Şəriflə razılaşdıq ki, Azərbaycana konkret sərmayə layihələri təqdim ediləcək. Müvafiq nazirlər təlimatlandırılıb və o layihələr nəzərdən keçiriləcək və əminəm ki, icra olunacaq. Çünki bu, əlbəttə, kommersiya baxımından nəzərdən keçiriləcək. Hesab edirəm ki, burada nəhəng potensial var. İkitərəfli ticarət və sərmayə, həmçinin müdafiə sənayesi məsələsini də geniş müzakirə etdik, hər iki ölkənin potensialını müzakirə etdik. Əminəm ki, biz əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəyik.”

Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük: “Mən Azərbaycanla bağlı beynəlxalq medianı izləyirəm və ölkəmizlə bağlı hansısa beynəlxalq təşkilatlarda hər hansı bir material dərc edilibsə, hər səhər mənə məlumat verilir. Pakistana gəldikdə, biz hər zaman qardaş dəstəyini hiss etmişik. Biz buna görə olduqca minnətdarıq.” Bu çağırış da səsləndirildi ki, bu sahədə səylərimizin birləşdirilməsi çox yaxşı fikirdir. Birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək. Bəzi beynəlxalq media təşkilatlarına Azərbaycanın,  bəzilərinə isə Pakistanın çıxışı var. Bunu təkcə Pakistan deyil, digər dost ölkələrlə də edə bilərik. Ölkələrimiz haqqında faktların təhrif edilməsi onun nüfuzunu ciddi şəkildə zədələyə biləcək nəticə verir. Cənab İlham Əliyev dezinformasiyaların yaratdığı problemlərdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, yalan məlumatlar  zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir. Forumda diqqət göstərilən məsələlərdən biri də Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 oldu. Bir daha qeyd edildi ki, bu tədbir də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Tədbir ölkəmizin beynəlxalq imicinə, körpü roluna yeni əlavələr edəcək.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri