26 iyul 2024 17:30
481

Türkiyədə minik avtomobili ixracı 5,5 milyard dolları ötüb

2024-cü ilin birinci yarısında Türkiyədən 80 ölkəyə 5 milyard 643 milyon 758 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edilib. Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinin məlumatlarına görə, yanvar-iyun dövründə 80 ölkə, muxtar bölgə və azad iqtisadi zonalara minik avtomobilləri satılıb.

Avtomobil sənayesinin 2024-cü ilin birinci yarısında 17 milyard 701 milyon 161 min dollarlıq xarici satışının 31,9 faizini minik avtomobili ixracatı təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 3,5 faiz artıb. Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-iyun aylarında 5 milyard 450 milyon 437 min dollar dəyərində minik avtomobili ixracı edilib.

İxracın 1/5-i Fransayadır

Türkiyənin avtomobil sənayesi ixracında ikinci əsas bazarı olan Fransa minik avtomobillərinin satıldığı ölkələr arasında birinci yerdə olduğu görülür. İlin birinci yarısında bu ölkəyə ixrac 1 milyard 16 milyon 852 min dollar olub.

Hesabatda ən çox minik avtomobili ixrac edilən ikinci ölkə İtaliya olaraq qeyd olunub. Ötən ilin yanvar-iyun dövründə 534 milyon 938 min dollarlıq minik avtomobilinin satıldığı İtaliyaya bu ilin altı ayında ixracın həcmi 710 milyon 268 min dollara yüksəlib.

Üçüncü yerdə olan Böyük Britaniyaya isə minik avtomobili ixracının dəyəri 552 milyon 929 min dollardan 692 milyon 194 min dollara yüksəlib. Türkiyənin minik avtomobili ixracatında İspaniya 618 milyon 620 min dollarla dördüncü sırada yer alıb.

Almaniyaya minik avtomobillərinin ixracı 43 faiz artıb

Beşinci yerdə olan və Avropanın əsas avtomobil sənayesi bazarı olan Almaniyaya minik avtomobili ixracının həcmi 43,3 faiz artaraq 377 milyon 70 min dollardan 540 milyon 450 min dollara yüksəlib. Məlumat üçün bildirək ki, qardaş ölkənin minik avtomobili ixracında ilk 10 ölkədən 8-i Avropa Birliyi ölkələri olub.

Orxan Vahidoğlu, "İki sahil"