26 iyul 2024 13:00
370

Tarixi zəfərimizin yaratdığı yeni  reallıqlar

20-22 iyul tarixlərində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi.  50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumda dövlət başçısı İlham Əliyevin çıxışı iştirakçıların Azərbaycanda, regionda və dünyada baş verən hadisələr haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar yaratdı. Açılış mərasimində Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində ölkəmizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

2023-cü ilin sentyabrında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra ölkəmizə qarşı Fransanın, eləcə də digər Qərb ölkələrinin apardığı kampaniya da bunun nümunəsi kimi dəyərləndirilməlidir. 30 il işğal altında qalan Qarabağın xarabalıqlarından danışmayan media orqanları olmayan etnik təmizləmədən, mədəni-tarixi abidələrin dağıdılmasından danışmağa üstünlük verdilər. Halbuki ermənilər işğal olunmuş ərazilərdə nəinki etnik təmizləmə aparmış, daşı daş üstə qalmağa belə qoymamışdılar. Onda isə hamı susurdu. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsindən, tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən geniş bəhs edən dövlətimizin başçısı bildirdi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və  bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcək. Biz - bu regionun xalqları özümüzü təhlükəsiz hiss edəcəyik. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb: “Füzuli hava limanından buraya səfər edərkən siz gördünüz ki, biz nəhəng yenidənqurma proqramı həyata keçiririk və sizin gördükləriniz, bəlkə bu işlərin heç beş faizi deyil. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.” 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkə başçısı Azərbaycanın neft və qazla zəngin olmasının ölkəmizin günahı olmadığını vurğuladı. Azərbaycanın fəaliyyəti bu əsasda qiymətləndirilməməlidir. Ölkə iqtisadiyyatı necə şaxələndirilib, işsizliyin öhdəsindən necə gəlinib, yoxsulluq necə azaldılıb, mövzular bunlar olmalıdır. Bu gün Azərbaycanda bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir. Qazıntı yanacaq növlərindən əldə edilən gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir.  Maraqlıdır ki, COP tədbirinin keçirildiyi ölkə daim tənqidlərə və ittihamlara məruz qalır. Bizdən əvvəl də BƏƏ və Misir eyni aqibətlə üzləşib. Lakin Qlazqoda- İngiltərənin neft hasil edilən əyalətində keçirilən tədbirə belə reaksiya verilməyib. Bu da onu göstərir ki,  hələ də ikili standartlar qüvvədə qalmaqda davam edir. Lakin bununla Azərbaycanın siyasi və iqtisadi müstəqillik yolunda nailiyyətlərinin qarşısının alınacağına ümid bəsləyənlər yanılır. Çünki ölkəmizin başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi fəal siyasət buna imkan vermir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan  İslam Əməkdaşlıq Təşkilatının, “OPEC Plus” formatının üzvü kimi   neft hasil edən ölkələrlə fəal iş aparır. Eyni zamanda “yaşıl dünya naminə həmrəylik” siyasətinin həyata keçirilməsi də göstərir ki, ölkəmiz bəşəri dəyərlərə, planetmizin, atmosferin qorunmasına diqqətlidir.  Bu gün Azərbaycanı bir sıra olmayan məsələlərdə ittiham edən Fransanın həyata keçirdiyi neokolonializm siyasətinin iyrəncliyi haqqında isə təəssüf ki çoxları susur. Halbuki Azərbaycanı etnik təmizləmədə suçlayan Fransa hələ də kolonialist siyasət yürütməkdə, xalqlara qarşı iyrənc siyasətini davam etdirməkdədir.  Cənab Prezident qeyd edib ki, “Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir. Çünki az sayda ölkə var ki, Fransanı əməllərinə görə ittiham etsin. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar.”

Şuşa Forumunda səslənən fikirlər bir daha Azərbaycanın doğru yolda olduğunu, dezinformasiya və ikili standartların bizi yolumuzdan döndərə bilməyəcəyini bir daha təsdiqləmiş oldu.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri