19 iyul 2024 03:41
335

Mətbuatın inkişafına ciddi təkan verən amillər

22 iyul-Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı yarandığı gündən bu yana xalqımızın maariflənməsində,dövrünün mütərəqqi ideyalarının əks etdirilməsində,milli və bəşəri dəyərlərimizin təbliğində mühüm rol oynamışdır.

Ulu Öndər Heydər Əliyevin 5 iyul 1991-ci il fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci çapdan çıxdığı gün-22 iyul Azərbaycanın Milli Mətbuat Günü elan edilmişdir.

Cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzeti xalq mətbuatının ilk təməl daşı olmaqla yanaşı,həm də Azərbaycan jurnalistikasının da bayraqdarı oldu.Sonrakı illərdə nəşr olunmuş “Ziya”,”Şərqi-rus”,”İrşad”,”Molla Nəsrəddin” kimi qəzet və jurnallar məhz “Əkinçi”nin ənənələrini davam etdiridi,onun yolu ilə gedərək haqsızlığa,cəhalətə,xurafata,mədəni geriliyə qarşı mübarizə apardı.

Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov,Seyid Əzim Şirvani,Nəcəf bəy Vəzirov,Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur.Onların bu fəaliyyəti Qafqazda böyük əks-səda doğurmuş və qəzet dövrün ziyalılarını öz ətrafında toplayaraq xalqımızın milli şüurunun oyanmasında,milli birliyin formalaşmasında,maarifçiliyin təbliğatında mühüm rol oynamışdı.

Qəzetin “Əkinçi” adlandırılması da çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideyadan yayındırmaq məqsədi güdürdü.Qəzet 4 əsas şöbədən ibarət idi:Daxiliyyə,Əkin və ziraət xəbərləri,Elm xəbərləri,Tazə xəbərlər.Sonradan qəzetə “Məktublar” adlanan şöbə də əlavə edildi.”Əkinçi” Bakıda çap olunsa da ümumrusiya müsəlmanlarını qəzetinə çevrildi. Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular.Qəzetin genişmiqyaslı təsiri,əlbəttə,Çar Rusiyasının planlarına zidd idi.Üstüörtülü siyasi proseslərə toxunmağı senzuranın gözündən qaçmadı.Buna görə də “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsindən, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasından çəkindi və qəzetin nəşrini dayandırdı.

1988-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi, yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başladı. Ölkəmizdə mətbuata dövlət qayğısının nəticəsi olaraq hazırda çoxlu sayda qəzet və jurnallar nəşr edilir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı internet qəzetçiliyini də inkişaf etdirir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış  mətbuat sahəsində də özünü göstərir.

Ülfət Mustafayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü