12 iyul 2024 18:10
744

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib

İyulun 12-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri ilə görüş keçirilib.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli gənclərin Qərbi Azərbaycan mövzusuna böyük maraq göstərməsini vətənə bağlılığın göstəricisi kimi qiymətləndirib. Sədr Qərbi Azərbaycanın tarix və mədəniyyətinin gənc nəslə ötürülməsində sözügedən olimpiadanın rolunu xüsusi qeyd edib.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında gənclərimizin tarixi yaddaşımız və mədəniyyətimizin daşıyıcıları olduğunu qürur hissi ilə qeyd edib. Elm və Təhsil Nazirliyi ilə Qərbi Azərbaycan İcması arasındakı əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirən Mətin Kərimli olimpiadanın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxışında qaliblərə sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov gənclərimizin tarixi keçmişə olan maraq və biliklərini yüksək qiymətləndiriblər.

Qalib şagirdlər öz növbələrində olimpiadada iştirak etməkdən qürur duyduqlarını dilə gətiriblər.

Sonda şagirdlərə Qərbi Azərbaycan İcması adından hədiyyə və mükafatlar təqdim olunub.

Görüşdən sonra olimpiada qalibləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.