12 iyul 2024 17:36
303

Əsrin dörddə birində: Ölkənin 25  yaşlı suveren fondu

Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur

Ümummilli Lider Heydər Əliyev

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Bu gün hər kəs təsdiqləyə bilər ki, müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikdir. 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.

Neft strategiyasının reallaşdırılmasının növbəti mərhələ - Neft Fondu

“Əsrin müqaviləsi”nin işə düşməsi ilə yeni neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birinə nail olunmuşdu. Ölkəyə gələn neft gəlirlərinin getdikcə artması fonunda isə başqa bir aktual çağırış gündəmə gəlmişdi: Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Müdrik siyasətçi Heydər Əliyevin yanaşması o dövrdə meydana çıxan yeni çağırışa ən yaxşı cavab oldu. Ümummilli Lider vurğulayırdı ki, neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Elə yeni neft strategiyasının reallaşdırılmasının növbəti mərhələsi kimi Dövlət Neft Fondunun yaradılmasında da məhz bugünkü və gələcək nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü. Beləliklə, Ümummilli Liderimiz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başladı.

Əsas vəzifə...

Neftlə zəngin olan ölkələrdə belə fondların təsis edilməsi bu təbii sərvətdən gələn qazancın nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Bu baxımdan da, ARDNF-in fəaliyyətində Azərbaycan xalqı və dövləti qarşısındakı aşağıdakı 3 mühüm vəzifənin yerinə yetirilməsinə yönəlib: 1) ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi və qeyri-neft sektorunun inkişafının təmin edilməsi; 2) ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi; 3) neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması. Beləliklə, “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”, - deyən Ümummilli Liderin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsi istiqamətində ARDNF-in fəaliyyəti tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin arasında bərabər bölünməsi, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır.

Dünyanın 60 ən şəffaf suveren fondu siyahısında 4-cü...

ARDNF dünyanın 25-dən çox iri fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) fəal üzvüdür. Bundan başqa, Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. 2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. 25 yaşlı ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. Ötən 25 il ərzində institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilən ARDNF qarşısına qoyduğu məqsədlərə çatmaq üçün üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə nail olub. Beynəlxalq səviyyədə tanınan və Azərbaycan brendinə çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondu siyahısında 4-cü sırada qərarlaşıb. Bu gün ARDNF tərəfindən vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələr maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir.

Şəffaflıq əsas şərtdir

ARDNF-in hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılmasının həyata keçirilməsindən asılıdır. ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, ARDNF-in fəaliyyəti barədə illik hesabatları mətbuatda, ARDNF-in internet səhifəsində və sosial media səhifələrində mütəmadi olaraq dərc etdirir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 268,3 milyon manat, büdcə xərcləri isə 3 milyard 205,4 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 31,1 % az və 2 dəfə çoxdur. Məlumata görə, I rübdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 421,4 milyon manat (illik müqayisədə 38,9 % az), o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat (45,2 % az), bonus ödənişləri 775,9 milyon manat (1,4 % çox), tranzit gəlirləri 0,3 min manat (100 % az) təşkil edib. Fondun aktivlərinin idarə olunmasından əldə edilən gəliri 9,8 % azalaraq 1 milyard 846,9 milyon manata enib. Hesabat dövrü ərzində ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 milyard 195,3 milyon manat (2 dəfə çox ) vəsait dövlət büdcəsinə transfert edilib.

İnvestisiya siyasətində əsas hədəf

Suveren fond olan ARDNF-də investisiya və risklərin idarə olunması “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar” (İnvestisiya Qaydaları) və hər il Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə (İnvestisiya siyasəti) əsaslanır. İnvestisiya Qaydaları ARDNF-in vəsaitlərinin idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir.

ARDNF uzunmüddətli dövr ərzində optimal portfelin qurulması ilə gəlirliliyin artırılması, eləcə də baş verən makrotrendləri izləmək məqsədilə alternativ maliyyə alətlərinə investisiyalar həyata keçirir. Ümumilikdə, ARDNF-in investisiya fəaliyyətinin ana xəttini təşkil edən qlobal indekslər və müvafiq bençmarklara uyğun olaraq fondun portfelinin əhəmiyyətli hissəsini inkişaf etmiş ölkələrə olan yatırımlar təşkil edir. Bununla yanaşı, fond inkişaf kursu götürmüş və yüksək böyümə potensialına malik regionların və müvafiq sektorların da səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq müvafiq investisiyalar həyata keçirir. Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksəkkeyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir. Fondun investisiya siyasətinin məqsədi 2024-cü ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirməkdir.

2024-cü il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər götürülür. Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə, 20 faizi avroda ifadə olunan aktivlərə, 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə, qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Fondun investisiya portfelinin hədəf gəlirliliyində borc öhdəlikləri və pul bazarları alətləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices”, səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir. İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə əsas tələblər faiz dərəcəsi, kredit riski, likvidlik, xarici menecerlər üzrə tələblərdir.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, ARDNF də öz fəaliyyətində dünyada mövcud olan suveren fondların müsbət təcrübəsindən bəhrələnir. Neft gəlirlərinin toplandığı fondun ölkənin cari və perspektiv maraqlarının uzlaşdırılması ilə yaradılması Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyini və milli təəssübkeşliyini ifadə edir. Bu gün ARDNF-in peşəkar kollektivi Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır. 25 yaşlı fondun fəaliyyətinə nəzər saldıqda bu əminlik yaranır ki, ARDNF aktivləri ildən-ilə artacaq, beynəlxalq səviyyədə müasir standartlara cavab verəcək, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan maliyyə qurumu kimi bundan sonra uğurlardan-uğurlara imza ataraq, nümunəvi fəaliyyəti seçilməyi bacaracaqdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.