12 iyul 2024 11:46
304

Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi - Bu mövzuda dəyirmi masa keçirildi

YAP Sabunçu rayon təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin (BOC LTD) birgə təşkilatçılığı ilə  “Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi” adlı dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ordu sahəsində ən böyük uğurlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi sayəsində, beynəlxalq arenada da haqlı səsimiz ucaldı. Dünyaya sübut etdik ki, Azərbaycan haqqı, ədaləti və beynəlxalq hüququ bərpa etmək gücündədir.

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək düşməni məğlub etdi və ərazi bütövlüyümüz bərpa olundu. Dövlət-Ordu-Xalq birliyi Azərbaycanın hərbi və siyasi qələbəsini təmin etdi və regionda yeni bir dövrün başlanğıcını qoydu. "Müzəffər Ali Baş Komandan - Xalq-Ordu birliyi" ifadəsi Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordunun və xalqın birlik və həmrəyliyini vurğulayır. Bu Zəfər, eyni zamanda gələcəyə ümid və inamımızı daha da möhkəmləndirdi.

Çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.  Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 44 gündə mümkünsüzü mümkün edən güclü Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyaraq Zəfər qazandı. Qətiyyətli və Müzəffər Lider, qalib ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı.

Daha sonra çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdiri Ədalət Teymurov, neftçilərdən Şaiq Bəkirov Kərim Aşurov ordumuzun istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycanın nümunəvi dövlət olaraq qəbul edildiyindən bəhs etdilər.