11 iyul 2024 15:33
403

“Icherisheherim” sərgisinin açılışı keçirildi, müsabiqənin qalibləri mükafatlandırıldı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “#Icherisheherim” silisilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi eyni adlı rəsm müsabiqəsi başa çatıb.

“İki sahil” xəbər verir ki, bu münasibətlə 10 iyul 2024-cü il tarixində Bakı Fotoqrafiya Evində “#cherisheherim” rəsm müsabiqəsinin qaliblərinin və fərqlənən iştirakçılarının mükafatlandırılması və seçilən əsərlərdən ibarət sərginin açılış tədbiri keçirilib. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Fazil Mustafa, millət vəkili Ülviyyə Həmzəyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, xalq rəssamları Salhab Məmmədov və Fuad Salayev çıxış ediblər.

Bildirilib ki, iki ay davam edən müsabiqəyə Bakı və Azərbaycanın digər bölgələrindən 300-dən çox iştirakçı rəsm əsərlərini təqdim edib. Qaliblər Azərbaycanın görkəmli incəsənət xadimləri – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı professor Natiq Əliyev, Beynəlxalq Əlaqələr üzrə prorektor, xalq rəssamı professor Salhab Məmmədov, Azərbaycan Rəssamlıq İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, xalq rəssamı Aydın Rəcəbov və xalq rəssamı Əliyar Əlimirzəyev tərəfindən seçilib.
Əsas mövzusu İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü olan müsabiqənin təşkilində əsas məqsəd İçərişəhəri peşəkar və həvəskar rəssamların gözü ilə göstərmək, fırça vasitəsilə gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməkdən ibarətdir.

Ümumilikdə, seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub. Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştiraklarına görə təşəkkürnamə diplomu ilə təltif olunublar. Müsabiqədə ilk 3 yerin qalibinə I yer 1500 manat, II yer 1000 manat, III yer isə 500 manat pul mükafatları, əlavə həvəsləndirici mükafat qismində 4 rəssamın hər birinə isə 250 manat mükafat təqdim edilib. Qalib iştirakçılara pul mükafatı ilə yanaşı, diplom və təşəkkürnamələr verilib.
Müsabiqənin qalibləri sırasında ilk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Həvəsləndirici dörd mükafata isə Ramil Məmmədov (“İçərişəhərdə məscid”), Nəzrin Mütəllifli (“Yuxularda”), Rəşad Rzayev (“Buludlu bir gün”) və Samirə Vəliyeva (“Gecə karvanı”) layiq görülüblər.

Qeyd edək ki, qaliblər mükafatlandırıldıqdan sonra, qonaqlar seçilmiş rəsm əsərlərindən ibarət “#Icherisheherim” sərgisi ilə tanış olublar.
Sərgi Bakı Fotoqrafiya Evində 10 avqust tarixinədək ziyarətçilərə açıq olacaq. Sərgiyə giriş sərbəstdir.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən “#Icherisheherim” layihəsinin məqsədi UNESCO İrs Siyahısında yer alan və ortaq bəşəri dəyərimiz olan İçərişəhəri müxtəlif tərəflərdən təqdim etməkdir.