05 iyul 2024 19:32
457

Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçirilir

İyulun 5-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan və üç gün davam edəcək musiqi bayramında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.

“İki sahil” xəbər verir ki, festivalın proqramına uyğun olaraq, iyulun 5-də Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Rusiya Federasiyasının Tatarıstan Respublikasından olan bayan ifaçısı Aydar Salaxovun çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Festivalın proqramına uyğun olaraq, iyulun 5-də axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.