15 iyun 2024 21:06
519

SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

Şirkətdən “İki sahil”ə verilən məlumata görə, görüşdə SOCAR-ın insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən vitse-prezident Ziba Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını bildirib.

Ziba Mustafayeva BANM-in fəaliyyətindən, ali məktəbin əldə etdiyi yüksək nailiyyətlərdən bəhs edib. 

Görüşdə iştirak edən BANM-in rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək  hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeyd edib, əməkdaşlıqdan məmnunluqlarını söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.