13 iyun 2024 15:16
353

Ölkəmizin taleyi məhz həmin gündən etibarən dəyişməyə başladı - Kamran Bayramov

Milli Qurtuluş Günü Azərbaycanı xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhdidlərindən və təhlükəsindən qurtardı

Hər bir xalqın taleyində elə bir günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır və xalqın yaddaşında həmişə qalır. Azərbaycan xalqının taleyində ən böyük əhəmiyyət kəsb edən günlərdən biri və ən önəmlisi hesab edilən 15 iyun – Milli Qurtuluş Günüdür. Ötən əsrin 1990-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, getdikcə ağırlaşan siyasi və iqtisadi vəziyyət, sosial durum ölkəni bu bəlalardan xilas edə bilən, xalqı öz arxasınca aparmağa qadir olan Liderə böyük ehtiyac var idi. Bizim cəmiyyətimizdə, xalqımızda belə bir ümumi fikir yaranmışdır ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmaq iqtidarında olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz oğlunu təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyət sükanı arxasına keçdi. Bu, sözün əsl mənasında ölkəmizin taleyində ən böyük dönüşlərdən biri oldu. Eyni zamanda, Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və təbii ki, buna nail oldu. Gələcək inkişaf üçün möhkəm təməllər yaratdı, islahatlar apardı, böyük işlər gördü.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  bu istiqamətdə atılan ilk addım təbii ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması idi. Eyni zamanda, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi başlanıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələr Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi layihələri də reallaşdırılmağa başlanıldı. Həmçinin 1995-ci ildə Ulu Öndər tərəfindən Onun təşəbbüsü ilə demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Zəruri islahatların aparılması üçün çoxsaylı qanunlar qəbul edildi. Qanunvericilik tam formalaşdırıldı və artıq demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanı xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhdidlərindən və təhlükəsindən qurtardı. Azərbaycanın sabitliyə, əmin-amanlığa, inkişafa qovuşması üçün hər cür şərait yaradıldı. Ölkəmizin taleyi məhz bu gündən etibarən dəyişməyə başladı.

Biz artıq bu gün deyə bilərik ki, bu bayram Azərbaycan xalqı üçün olduqca əzizdir. Nəzərə alsaq ki, xalqımız artıq 4 ildir ki, bu bayramı milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ulu Öndər Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevfin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğalda olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. 44 günlük Vətən müharibəsində qazanılmış bu möhtəşəm Zəfər və digər uğurlarımız öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Bayramınız mübarək!  

Cavid Əkbər, “İki sahil”