28 may 2024 01:57
236

Mirzoyanın Metsamor yalanları...

Hər keçən gün risk daha da böyüyür

Ermənistan coğrafi baxımdan Azərbaycandan keçən çayların hövzəsində yerləşdiyinə görə onun ərazisində həyata keçirilən mədən sənayesi üzrə hər hansı bir tədbir ekoloji baxımdan mütləq ölkəmizə təsir edir. Mədənlərin bir çoxunun su mənbələrinin yaxınlığında yerləşməsi ətraf mühit üçün zərərli hesab edilən kimyəvi tullantıların çaylara axıdılmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, Ermənistanda uzun müddət Metsamor Atom Elektrik Stansiyası (AES) fəaliyyət göstərir. Məhz bu stansiyanın fəaliyyəti bölgənin ekoloji durumuna ciddi təsir edir.

Mayın 21-də Avstriyanın paytaxtı Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans (ICONS 2024) keçirilib. "Gələcəyin formalaşdırılması" mövzusunda baş tutan tədbirdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da çıxış edib. Erməni nazir bu dəfə də yalanları ilə dünya ictimaiyyətinin gözündən pərdə asmağa çalışıb. O, qeyd edib ki, ölkəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müvafiq tövsiyələrinə uyğun olaraq nüvə təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra layihələr icra edir.

Lakin Mirzoyan ölkəsində qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor AES-in törətdiyi qlobal təhlükəyə toxunmayıb. Əksinə, iddia edib ki, ölkəsi Beynəlxalq Agentliyin təhlükəsizlik tədbirləri üzrə sazişlərinə və əlavə protokollarına tam əməl edir. O, əməkdaşlıq çərçivəsində Ermənistanın BAEA-nın müvafiq tövsiyələrinə uyğun olaraq obyekt səviyyəsində nüvə təhlükəsizliyinin yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirdiyini vurğulayıb: “Bu cür təkmilləşdirmələr, eləcə də atom elektrik stansiyalarının genişmiqyaslı modernləşdirilməsi və yenidən qurulması nüvə enerjisinin lehinə əlavə ictimai etimad və təbliğat yaratdı”. Erməni nazir tədbir iştirakçılarını inandırmağa çalışıb ki, Ermənistan özünün Milli Fəaliyyət Planı vasitəsilə BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi əsasında üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirir.

Qeyd edək ki, 1976-ci-il də inşa edilən Metsamor AES Ermənistanın Türkiyə ilə sərhədindən 16 km aralıda yerləşir. Elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km və İğdırdan 30 km məsafədədir. Gücü 408 MVt olan 2 ədəd VVER-440/230 tipli reaktorlardan biri işləkdir. Ermənistan “Metsamor”un yeni enerji blokunu indikinin istismar müddətinin sonuna - 2036-cı ilə qədər istifadəyə vermək niyyətindədir.

Metsamor AES bu gün dünyada mövcud elektrik stansiyaları arasında ən təhlükəli reaktorlardan biridir. Mütəxəssilərin fikirlərinə görə, bir sıra fundamental amillər, o cümlədən  təhlükəsizlik nöqteyi-nəzərindən “Metsamor”un fəaliyyətinin davam etdirilməsi mümkünsüzdür. Ən başlıcası odur ki, AES-in maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir. “Metsamor”dan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır. AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

AES-in  fəaliyyətinin davam etdirilməsi qardaş Türkiyədə də narahatlıqla izlənilir. Türkiyəli mütəxəssislərin təhlillərinə görə, “Metsamor”un radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Təsadüfi deyil ki, 2022-ci ilin avqustunda Türkiyənin həmsərhəd Qars vilayətində “Metsamor”da “mümkün qəza” halı ilə bağlı təlim keçirilib. Təlim Qars vilayətinin Fövqəladə Hallar İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılıb. Təlimin məqsədi radioaktiv tullantıların sızması zamanı görüləcək tədbirləri təcrübədən keçirmək olub.

Bununla yanaşı, hələ ötən il Türkiyə Böyük Millət Məclisinin Müraciət Komissiyasına atom elektrik stansiyalarının yaratdığı risklərə qarşı tədbir görülməsi ilə bağlı müraciət daxil olub. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, AES-in bağlanmasında müstəsna məsuliyyət Ermənistanın üzərinə düşür. Stansiya bütün region üçün risk faktorunu təmsil edir. Ankara həm MAQATE-nin baş konfranslarında, həm də beynəlxalq ictimaiyyətə lazımi müraciəti edərkən bu risklərdən danışır. “Metsamor”un bağlanmalı olduğu vurğulanır.

Təəssüflər olsun ki, bu çağırışlar cavabsız qalıb. Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, stansiyanın bağlanması üçün addım atmaq niyyətində deyillər. Qeyd edilib ki, stansiya ilə bağlı hər hansı məsələ ortaya çıxarsa, dərhal Ermənistan hökumətinə məlumat veriləcək, ilk olaraq problemin olduğu və müəyyən tədbirlər görülməsinin vacibliyi bildiriləcək.

Göründüyü kimi, işğalçı ölkə hər vəchlə öz terrorçuluq siyasətini davam etdirməkdədir. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır.

Öz əhalisinin və region dövlətlərində yaşayan xalqların təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti Metsamor AES-in fəaliyyətini dayandırmasına məcbur edilməlidir.

Nigar Orucova, “İki sahil”