22 aprel 2024 19:58
761

Aqrar sahənin inkişafı dəstəklənir: Məhsuldarlıq da artır, ixrac gəlirləri də

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov “İki sahil”in suallarını cavablandırır

- Fərhad müəllim, aqrar sahənin inkişafına dövlətin diqqətini necə dəyərləndirirsiniz?

- Dövlətimiz son dövrlərdə qeyri-neft sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatının rolunun artırılması istiqamətində ardıcıl olaraq öz islahatlarını davam etdirir. Burada təbii ki, yerli məhsulların istehsalının və xarici bazarlara ixracının artırılması əsas perspektiv kimi fermerlərimizin qarşısında duran məqsədlərdən biridir. Artıq müəyyən ərazilərdə biz bir çox məhsullar üzrə intensiv bağların salınmasının şahidi oluruq və bu da öz növbəsində fermerlərimizin dövlətimiz tərəfindən subsidiya imkanlarından geniş istifadəsinə gətirib çıxarır. Dövlət tərəfindən təşviq olunan aqrar sahənin inkişafı, kənd təsərrüfatı istehsalının məhsuldarlığını artırmaq və onların maliyyə məsələlərini həll etməkdə geniş bir dəstək mexanizmini özündə əks etidirir. Bu dəstək maliyyə və məsləhət dəstəyi, infrastrukturun inkişafı, texniki yardım və qarşılıqlı təcübə proqramları kimi müxtəlif sahələri əhatə edir. Bu yollarla fermerlərə səmərəli və davamlı bir qayğı təmin edilir və aqrar sahənin inkişafı dəstəklənir.

- Azərbaycan narının xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə tanıdılması istiqamətində hansı işlər görülür?

- “Made in Azerbaijan” brendi altında Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarının təşviqi, həm ölkənin aqrar sahəsindəki potensialını artırmaq, həm də yerli məhsulun tanıdılmasına yardım etmək üçün mühüm bir addımdır. Bu təşviq, sahəvi olaraq desək narın və digər məhsulların faydalarını, milli məhsulun keyfiyyətini, unikal xüsusiyyətlərini vurğulayacaq marketinq və reklam kampaniyaları təşkil etmək üçün əhəmiyyətli bir addımdır. Bu, Azərbaycan narının, Azərbaycan məhsulunun beynəlxalq bazarlarda tanıdılmasına və təşviq edilməsinə kömək edən ən ilkin amillərdən biridir.

- Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının ötən ilki fəaliyyətini necə şərh edərdiniz?

- 2023-cü il üzrə Assosiasiyanın ictimai fəaliyyətinin artırılması, sahə üzrə dəstək mexanizmlərinin gücləndirilməsi məqsədilə fermerlərimizlə, aidiyyəti dövlət strukturları ilə aktiv işlər davam etdirilir. Belə ki, Assosiasiya olaraq bir neçə ictimai şuralarda təmsil olunmaqla sahə üzrə fermerlərimizin problem, təklif və rəylərini çox asanlıqla aidiyyəti üzrə yönləndirmək imkanları bizim üçün daha əlçatan olur. Kənd təsərrüfatı məhsullarının ixracı öncədən də dediyimiz kimi, ən vacib proseslərdən biridir. Bununla bağlı biz dəfələrlə maarifləndirici tədbirlər keçirmiş və bu istiqamətdə fermerlərimizin biliklərinin artırılmasına dəstək olmağa çalışmışıq. Aqrar Tədqiqatlar Mərkəzi ilə də bu istiqamətdə sıx əməkdaşlıq aparılmış və fermerlərimizin rəyləri əsasında geniş məlumat tipli hesabat hazırlanmışdır.

- Assosiasiyanın 2024-cü il üçün hədəfləri hansılardır?

- Artıq 2024-cü il üzrə mövsüm ili başlayıb və bağlarda ardıcıl olaraq aqrotexniki qulluq prosesləri gedir. Təbii ki, illər üzrə məhsuldarlığın, ixrac gəlirlərinin silsilə olaraq daha da artırılması bizim üçün sahənin inkişafına verə biləcək əsas dəstəklərdən biridir. Bu istiqamətdə tədbirlər planı artıq hazırlanır və yaxın günlərdə ardıcıl olaraq icrasına başlanılacaq.

- Assosiasiyanın Azərbaycan brendinin sərgilənməsi, satışı istiqamətində əməkdaşlıq əlaqələrindən bəhs etmənizi istərdik.

- Azərbaycan narının satışı, təşviqi ilə bağlı olaraq assosiasiya Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) ilə davamlı olaraq əməkdaşlıq əlaqələrini gücləndirir, yerli və beynəlxalq sərgilərdə aktiv olaraq iştirak edir. Həmçinin bir neçə səfirliklərin ticarət müşavirləri ilə də bu istiqamətdə səmərəli görüşlər keçirilir və Azərbaycanın xarici ölkələrdəki ticarət evləri ilə danışıqlar aparılır, nar nümunələri göndərilir.

Orxan Vahidoğlu, “İki sahil”