22 aprel 2024 23:46
391

Başlıbel məscidindən 31 ildən sonra azan səsi yuksəldi

Dəhşətlər yaşamış sakinlər doğma kəndi ziyarətə gəlirlər

Əvvəllər hər il aprel ayı gələndə Kəlbəcərin işğal olunmasını, dəhşətli Başlıbel qətliamını dərin hüznlə anırdıq. İndi də anırıq, amma başqa əhval-ruhiyyədə...

Çox şükürlər olsun bu günlərə! Otuz iki əvvəl az qala hər gün bədbin və dəhşətli xəbərlər  eşidirdik. Ermənilər filan kənd alıblar, camaatı qırıblar, əsir götürüblər, evləri yandırıblar, bir çox sakinlər itkin düşüb... O qədər belə müsibətli xəbərlər eşidirdik ki, bunların nə ilə  nəticələnəcəyini kimsə kəsdirə bilmirdi. Müsibət müsibət ardınca gəlirdi.  Çünki işğal getdikcə dərinləşir, erməni quldur dəstələri sürətlə irəliləyir, azərbaycanlıların qələbəyə inamını sarsıdırdı. Gələn dəhşətli xəbərlərin hamısı da bir-birindən tükürpədici və acınacaqlı olurdu. Belə bədbəxt tale yaşayanlar arasında Kəlbəcər rayonunun Başlıbel kəndi də vardı.

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 76 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onlar inana bilmirdilər ki, erməni silahlı dəstələri gəlib Başlıbelə də çıxa bilərlər. Lakin düşündüklərinin əksi baş verdi. Düşmənin hücumunun qarşısını alan olmadı. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsa da, buna nail ola bilmədilər. Mühasirədə qalan sakinlərdən 9-u yolda qətlə yetirildi, 5-i girov götürüldü. Digər  62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışdılar. Həmin təbii mağaralar kənddən 3 kilometr aralı məsafədə yerləşirdi.

Amma onlar mağaralarda cəmi 18 gün gizli yaşaya bildilər.  Azərbaycanlıların qanına susamış erməni quldurları dinc sakinlərin sığındığı kahaların yerini aşkara çıxardılar. Gecə vaxtı qəddar  hücum zamanı silahsız dinc sakinlərdən 14-ü əsir götürüldü, 18 nəfər vəhşicəsinə qətlə yetirildi. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirə bildilər. Onlar yalnız 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildilər. Kəndin 93 yaşlı sakini Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda qaldı.

...Artıq ölümsaçan günlər geridə qalıb. Qara buludlar Kəlbəcərin başı üzərindən çəkilib. Kənd sakinləri doğma yurda hələlik elliklə qayıda bilməsələr də bir çoxları onu ziyarət ediblər.

Bu günlərdə Başlıbelin sakini seyid Səbuhi  Ağayev doğma kəndini   ziyarətə gedib və məsciddə azan səsləndirib, cümə namazı qılıb. Təəssüf ki, vəhşi ermənilər  hətta ziyarətgahı belə dağıdıb yararsız hala salıblar. Ziyarətdə olanlar  xəbər verirlər ki, Ermənistan 1993-cü ilin aprelində Kəlbəcəri işğal edən zaman erməni silahlı birləşmələri Başlıbel məscidini əvvəlcə  qarət ediblər, sonra onu partladaraq yandırıblar.

Xatırladaq ki, XVII əsrdə inşa edilmiş dini abidə olan Başlıbel məscidi çar Rusiyası dövründə həm də kənddə məktəbi əvəz edən mədrəsə kimi fəaliyyət göstərib. Burada dini və dünyəvi elmləri dərindən bilən saysız-hesabsız şəxslər olub. Uca dağların zirvəsində qərar tutan Başlıbel görkəmli alimlər, müəllimlər, şairlər və s. yetişdirib. Ancaq başlıbellilər əsrlər boyu rəvan yollar keçməyiblər. Yəni, bu kəndin qədim və keşməkeşli tarixi var. Buranın dağ vüqarlı sakinləri istilaçı feodal müharibələrindən, daxili çəkişmələrdən keçib.  Dini qəti qadağan edən Sovet hakimiyyəti  zamanı Başlıbel məscidinin də  sökülməsinə bir neçə dəfə cəhd edilib. Lakin möhkəm inanca malik olan kənd əhalisi ayağa qalxaraq kəskin  etiraz etdiyi üçün hökumət geriyə addım atmağa məcbur qalıb.

Başlıbel yaranışından bəri adlı-sanlı ağır seyidlər kəndi olub və kəndin məscidində müxtəlif əsrlərdə yazılmış nadir Quran nüsxələri, qədim tarixə malik qiymətli dini kitablar və indi qiymətli muzey eksponatları olacaq  əşyalar saxlanılırmış. Ermənistan silahlı qüvvələrinin vandallığı nəticəsində məscidlə yanaşı,  oradakı qiymətli kitablar və əşyalar da məhv edilib. Qeyd edək ki, Başlıbel seyidləri Kəlbəcərdə  müqəddəs sayılıblar. Bir kimsənin onlara şəkk etməyə cəsarəti çatmayıb. Yəni, hamı onlara inanıb, etiqad edib. Bu kəndin tanınmış seyidləri və onların yaşadıqları evlər  rayon əhalisi ilə bərabər hətta qonşu rayonların sakinlərinin də inanc yeri olub.

Seyidlərin məskən saldığı bu kəndi xaraba qoyan erməni başkəsənləri layiq olduqları cəzaları aldılar. Yaxın vaxtlarda başlıbellilər  elliklə öz doğma yurdlarına dönəcək, yenə də kəndi abadlaşdırıb əvvəlki kimi müqəddəs məkana çevirəcəklər. Əsrlər boyu dəhşətli faciələr yaşamış köhnə Başlıbelin yerində  möhtəşəm, müasir Başlıbel ucalacaqdır.

Vəli İlyasov, “İki sahil”