21 aprel 2024 14:10
346

Su anbarları və suvarma kanalları kənd təsərrüfatında məhsuldarlığı artıracaq​

Azərbaycanın quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su obyektləri - su anbarları və qovşaqları, sututarlar yaradılmışdır. Respublikamızın sututarları yerləşmələrinə görə çay yataqlarında (Mingəçevir, Şəmkir, Araz su anbarları; MilMuğan və Qız Qalası su qovşaqları və s.) və çay məcrasından kənarda (Ceyranbatan, Xanbulançay, Cavanşir, Yekəxana və s.) yaradılan sututarlara bölünürlər.

Azərbaycanda süni su obyektlərinin ən böyüyü Mingəçevir su anbarıdır. Kür çayının Bozdağı yarıb keçdiyi Samux çökəkliyində yaradılan Mingəçevir su anbarından kompleks məqsədlər üçün istifadə edilir. Belə ki, anbardan elektrik enerjisi almaq, suvarma, çaylarda axının nizamlanması, balıqçılığın inkişafı, turizm-rekreasiya məqsədləri üçün istifadə edilir. Kompleks məqsədlər üçün istifadə edilən anbarlara, həmçinin Kür üzərindəki Şəmkir, Yenikənd, Varvara; Araz üzərindəki Araz, Xudafərin; Tərtərin üzərindəki Sərsəng və Suqovuşan su anbarlarını da aid etmək olar. Respublikamızda müxtəlif zonalarında əsasən irriqasiya məqsədləri üçün bir sıra su anbarları yaradılmışdır. Hal-hazırda yeni su anbarları və su qovşaqları inşa edilməkdədir. Azərbaycanda su anbarlarından həm də elektrik enerjisi istehsalında istifadə edilir. Respublikamızda olan çaylardakı su-elektrik stansiyalarından hazırda istehsal edilən enerjinin miqdarı 2,4 mlrd. kV/saat təşkil edir. Lakin bu rəqəm 16 mlrd. kVt/saat ola bilər. Ölkənin ən böyük elektrik stansiyaları Kür (Şəmkir SES, Mingəçevir SES, Varvara SES, Yenikənd SES), Tərtər (Sərsəng SES) və Araz (Araz SES) çayı üzərində tikilmişdir.

Prezident İlham Əliyevin 27 iyul 2020-ci ildə imzaladığı "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na əsasən, dağ çayları sularının yığılması üçün Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicǝ, Viləşçay və Zəyəmçay su anbarlarının inşası nəzərdə tutulmuşdur. Respublikamızda suvarmaya ehtiyacı olan quraq ərazilərdə sıx kanallar şəbəkəsi yaradılmışdır. Həmin kanallarla 1,3 mln. hektar torpaq suvarılır və ətraf ərazilər içməli su ilə təchiz olunur. Respublikamızın ən uzun (182 km) suvarma kanalı olan SamurAbşeron Samur su qov- şağından başlayıb Ceyranbatan su anbarınadək davam edir. Bu kanal Ceyranbatan su anbarını su ilə təchiz etməklə yanaşı, həm də Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı və Abşeron yarımadasının suvarılmasında yaxından iştirak edir. 2007-ci ildə bu kanala paralel olaraq Xanarx kanalı çəkilmişdir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

A.Məmmədova,
YAP Xətai təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü