19 aprel 2024 14:40
253

SOS: İqlim böhranı cibimizdə də təsir edəcək

İqlim böhranının yaratdığı ekoloji fəlakətlər 26 il ərzində qlobal gəlirin 19 faiz azalmasına səbəb olacaq. Bunlara rekord qıran istilik dalğaları, daşqınlar və meşə yanğınları kimi fəlakətlər daxildir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, mövcud iqlim siyasətinə və hədəflərinə baxmayaraq dünya növbəti əsrdə təxminən 3 dərəcəlik qlobal istiləşməyə doğru gedir. Hökumətlər iqlim böhranı ilə mübarizə səylərini artırsalar da, qısa müddətdə maliyyə çətinliklərinin qaçılmaz olduğu müəyyən edilib. "Nature" elmi jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim böhranının adi vətəndaşlar üçün ciddi iqtisadi çətinlik yaradacağı üzə çıxarılıb. Bu maliyyə xərclərindən həm hökumətlər, həm şirkətlər, həm də vətəndaşlar əziyyət çəkəcəklər.

 

Tədqiqatçılar iqlim dəyişikliyinin vurduğu 38 trilyon dollar iqtisadi zərərə baxmayaraq iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün təxminən 200 ölkə arasında imzalanmış Paris İqlim Sazişinə riayət edilməsinin 2050-ci ilə qədər qlobal iqtisadiyyata 6 trilyon dollara başa gələcəyini hesab edirlər. Çünki ekstremal hava hadisələri təkcə ziyan dəymiş əmlakların təmir xərclərinə səbəb olmur. Eyni zamanda, yüksək temperatur kənd təsərrüfatına, əmək məhsuldarlığına və bəzi hallarda hətta idrak qabiliyyətlərinə də təsir göstərə bilər.

Stenford Universitetinin professoru və ətraf mühit üzrə tədqiqatçı Noah Diffenbaugh bu halda yoxsulların daha çox əziyyət çəkdiyinə dair açıq sübutların olduğunu deyib. "Nature" elmi jurnalı da bu proqnozu dəstəkləyib.

Məlumat üçün bildirək ki, Şimali Amerika və Avropanın 26 il ərzində gəlirlərinin 11 faiz azalması gözlənildiyi halda, Cənubi Asiya və Afrikada bu rəqəm  22-dir.

Vüsal Cahanov, “İki sahil”