17 aprel 2024 14:50
5640

Əmin idim ki, 300 bal toplayacağam - Fidan Rüstəmli

Buraxılış imtahanın nəticələrini avtobusda olarkən öyrəndim və sevinc içində qaldım

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, Bakı məktəblərindən 14, region məktəblərindən isə 25 şagird buraxılış imtahanında maksimum nəticə göstərib.

”İki sahil” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.

Bu xəbəri ilk olaraq anamla bölüşdüm

İmtahanda ən yüksək nəticə göstərərək 300 bal toplayanlardan biri də Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseyin şagirdi Fidan Rüstəmlidir. Həmsöhbətimiz  təəssüratlarını bölüşərkən diqqətə çatdırdı ki, imtahandan çıxanda əmin idim ki, 300 bal toplayacağam. Nəticə gözlədiyim kimi də oldu. Buraxılış imtahanın nəticələrini avtobusda olarkən öyrəndim və sevinc içində qaldım. Bu xəbəri ilk olaraq anamla bölüşdüm.  Çünki bu uğuru qazanmağım 300 bal toplamağımda  ən böyük rolu oynayan  anam və müəllimlərim, həmçinin onların çəkdikləri əziyyəti sahəsində gerçəkləşdi. Bu uğurumda payı olan ailəmə, müəllimlərimə və dostlarıma təşəkkür edirəm.

Fidan abituriyentlərə tövsiyə edir ki, çox dərs oxumaq və çox pis düşünmək lazım deyil. Mən dərs oxuduğum qədər özümə də vaxt ayırırdım və həmişə yaxşı yazacağamı deyirdim. Ona görə də dərs oxuduğunuz qədər sevdiyiniz şeylərlə də məşğul olun və həmişə hədəfiniz olsun.

Həmsöhbətimiz birinci ixtisas qrupu üzrə hazırlaşdığını və  Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almaq istədiyini bildirdi. Fidan gələcəkdə  xaricdə informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almaq istəyir.

Yaqut Ağaşahqızı, “İki sahil”