15 aprel 2024 21:02
309

Proseslər dağıdıcı istiqamət alır

Dünyada cərəyan edən proseslər fonunda, əsasən də 2022-ci ildən başlayaraq siyasi liderlər tərəfindən verilən açıqlamaların, yeni dünya düzəninin formalaşdırılmasının başlanması barədə deyilən fikirlərin şahidi olmaqdayıq. Xatırlamaq yerinə düşər ki,  2023-cü ilin yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Üçüncü Dünya müharibəsinin artıq başladığını demişdi. Bu fikir əslində dünyadakı mövcud vəziyyəti Azərbaycan xalqının diqqətinə çatdırmaqla bərabər, gözlənilməz hallara da hazırlıq məqsədi daşıyırdı. Həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin “Dünya xaos dövrünə qədəm qoyur” fikirləri də bunu deməyə əsas verir ki, ilk növbədə, insanlar yeni dövrə psixolji olaraq da hazırlaşdırılır. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi fonununda nüvə təhdidləri, İsrail-Fələstin qarşıdurmasına beynəlxalq birliyin, sadəcə, quru bəyanatlarla kifayətlənməsi, dövlətlərin qütbləşməsi və digər faktorlar proseslərin dağıdıcı istiqamət aldığını göstərir.

Bir neçə gün əvvəl silahlar vasitəsilə baş verən və hələ də siyasi açıqlamalar və hədələrlə davam edən İsrail-İran qarşıdurması da mövcud qarışıqlığı daha da şiddətləndirir, dövlətləri neytral olmaq imkanlarından məhrum edir, onları seçim qarşısında qoyur. Bu da regional və beynəlxalq cəhətdən yeni hərbi bloklar yaradır, gizli əməkdaşlıqları isə üzə çıxarır.

Təsir mexanizimlərinə malik güclərin Rusiya-Ukrayna və Yaxın Şərqdəki savaşların yeni dünya düzəninin dəyişdirilməsindəki payının tam olmadığını düşündüklərinə görə əlavə münaqişə ocaqları yaratmaq üçün hazırlıqlara başladıqları aydın formada görünür. Azərbaycanın şimal va cənub qonşularının iştirakı ilə baş verən hadisələrin Cənubi Qafqaza da yayılması üçün Ermənistan  vasitəsilə aktiv fəaliyyət  həyata keçirilməyə çalışılır.  Bu məsələdə alət kimi istifadə edilən Ermənistana Avropa İttifaqı (Aİ), ümumilikdə kollektiv Qərb də hərtərəfli dəstək verir. Aprelin 5-də keçirilən üçtərəfli Brüssel görüşü də ayırıcı xətlərin və qruplaşmaların tərkibini növbəti dəfə açıq şəkildə xarakterizə etdi, Ermənistanın da bu oyuna cəlb edildiyini rəsmi olaraq təsdiqlədi. Müharibələrin gətirdiyi dağıdıcı fəlakəti qavramaq istəməyən və ya buna məcbur edilən İrəvan ola bilər ki, tarixdəki əlverişli şəraitin yenidən yaranacağına və ya yaradılacağına ümid edir. Əks halda Ermənistan regionda münaqişə ocağını körükləməzdi, hətta əks qütblərdə dayanan qüvvələrin əlaltısı rolunda çıxış etməzdi.

Sülh danışıqlarının getdiyi bir zamanda yenidən vəziyyəti gərginləşdirən Ermənistan bunu birbaşa öz iradəsi ilə etmir və zaman qazanır. İrəvan tərəfindən verilən sülh mesajları isə beynəlxalq ictimaiyyətə hesablanıb. Necə ki, bu gün eyni münasibət Avropa ölkələrinin bəziləri və ABŞ tərəfindən İsrailə qarşı göstərilir. Yəni, sözdə təzyiq edilsə də, əslində İsrailə ən böyük dəstək ABŞ tərəfindən verilir.

Brüsseldə ayın əvvəlində keçirilən görüşə etiraz edənlərin və etməyənlərin siyasi maraqlarına, regional və qlobal yerinə baxdıqda görürük ki, İran məsələyə həm maraqları kontekstində, həm də Azərbaycan və Türkiyə yönündən Ermənistanda qurulmaqda olan Qərbin bazalarının ona heç bir təhlükə yaratmayacağına sanki əminliklə yanaşır. Yoxsa Yaxın Şərqə belə özünə təhdid yaranmasın deyə proksi qüvvələrdən istifadə etməz, Suriyadan, İraqdan bufer zona yaratmazdı. Demək ki, əslində Yaxın Şərqdə İranın da öz vəzifəsi var və bunu İsrailin xeyrinə icra edir. İranın Ermənistanla Cənubi Qafqazdakı birgə vəzifəsi isə Türk dünyansının birləşməsinə mane olmaq, İrəvanın bölücü alət olmasına dəstək vermək, din amilini isə İslamı parçalamaqla və göstəriş naminə  istifadə etməkdir.

1990-cı illərin əvvələrindən bu günə qədərki prosesləri analiz etsək görərik ki, Azərbaycan torpaqlarının işğalda qalmasına İran susqunluq nümayiş etdirib. Hətta Qarabağdakı fəaliyyətində Ermənistanın əlini gücləndirib, müəyyən əməkdaşlıq edib, dini ibadət yerlərinin dağıdılmasını, təhqir olunmasını isə sadəcə müşahidə edib.

Elə bir regionda yerləşirik ki, qonşuluğumuzdakı dövlətlərdən təkcə Türkiyəyə etibar etmək mümkündür, digələrinin isə loru dildə desək, sağı ilə solu bəlli deyil. Bu səbəbdəndir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti xarici siyasətində neytrallığını qorumaqla bərabər, qarşılıqlı əməkdaşlığına böyük önəm verir, diplomatik gedişlərini də sabitliyə, sülhə uyğun edir. Həmçinin ölkəmiz irimiqyaslı layihələr həyata keçirir,  beynəlxalq tədbirlərə ev sahibliyi edir, 30 ilə yaxın müddətdə işğal altında qalan ərazilərini yenidən qurur, Ermənistanın bütün cinayətlərinə rəğmən regionda sülh üçün addımlar atır. Azərbaycan bəlkə də dünyada nadir ölkələrdəndir ki, müstəqil xarici siyasət kursu ilə öz neytrallığını qoruyur, böyük güclərin mənfəətləri naminə qruplaşmalara qoşulmur. Bu da ölkəmizə böyük nüfuz gətirdiyi kimi, müəyyən təhdidlər də yaradır. Amma dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu bütün təhdidləri zərərsizləşdirmək gücündədir.

Elmir Səftərov,
siyasi şərhçi