15 aprel 2024 16:22
1114

Enerji strategiyası: “Yaşıl hidrogen” istehsalı nə vəd edir?

“Ölkəmizdə “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair müqavilələr imzalanıb və bir sıra araşdırmalar aparılır.”

Bu fikir “İki sahil”in Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə ünvanladığı “Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun əhəmiyyəti nədir” sualına cavabda bildirilib.

Qeyd edilib ki, cari ilin 1 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilmişdir. Artıq 3 ildir uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi həmdə "yaşıl enerji” sahəsində mühüm əməkdaşlıq platforması kimi çıxış edir. Belə ki, layihə çərçivəsində həm də təbii qaz idxal edən ölkələrlə “yaşıl enerji” sahəsində bir sıra sazişlər imzalanmışdır. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş”iyaşıl enerjidən istifadə sahəsində Qara dənizi Xəzər dənizi regionu ilə əlaqələndirilməsinə töhvə verəcəkdir.

Mərkəzi Asiya-Xəzər-Qara dəniz dəhlizi... 

Agentliyin cavabında o da qeyd olunur ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üçün Birgə Kommünike qəbul edilib: “Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə əsaslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Birgə Kommünikeyə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər.”

“Yaşıl hidrogen” potensial öyrənilir

Qurumdan əlavə olaraq bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası”nda hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması tapşırıq kimi qoyulub: “Bu istiqamətdə ölkəmizdə “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair müqavilələr imzalanmış və bir sıra araşdırmalar aparılmışdır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.”

Orxan Vahidoğlu, “İki sahil”