13 aprel 2024 21:04
370

Quru Qoşunlarında birinci rübün yekunlarına dair iclas keçirilib

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən iclasda Quru Qoşunlarının idarə, şöbə və bölmə rəisləri, eləcə də videobağlantı vasitəsilə birlik, birləşmə komandirləri, onların müavinləri və tabor komandirləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda tabelikdəki hərbi hissələrdə 2024-cü ilin birinci rübü ərzində xidməti-döyüş fəaliyyətinin təşkili, bu istiqamətdə görülən işlər, icra edilən tapşırıqlarla bağlı komandirlərin məruzələri dinlənilib, həmçinin qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələr, o cümlədən müdafiə naziri general-polkovnik Zakir Həsənovun qoşun xidmətinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

İclasın sonunda birinci rübün yekunlarına əsasən hərbi xidmətdə fərqlənənlər qeyd edilib.