12 aprel 2024 13:42
412

Hindistan Ermənistana hərbi attaşe göndərir - ŞƏRH

Qərb, həmçinin ABŞ Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibə¬sində Zəfər çalaraq ərazi bütövlüyünü, ötən il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə üzərində suverenliyini bərqərar etməsini, Cənubi Qafqazda söz sahibi olmasını, azadlığa qovuşan ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərini aparmasını heç cür həzm edə bilmir. Elə bu səbəbdən ölkəmizin əleyhinə  böhtanlarla dolu siyasi bəyanatlar səsləndirməklə yanaşı, təcavüzkar Ermənistanı silahlandırırlar.

Onların bu məkrli niyyətlərinə artıq Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən və Cənubi Asiya dövləti sayılan Hindistan da qoşulub. Hətta təcavüzkar ölkəyə öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərib. Ötən ay isə Makronun göstərişi ilə Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi İran səmasından keçməklə  Ermənistan 214 mm çaplı "Pinaka Mk-1" reaktiv yaylım atəşi sistemləri (RYAS) gətirib. Elə bu marşrutla da digər silahları daşınması nəzərdə tutulub. Bu yerdə hərbi ekspert Hayk Nahapetyanın rişxəndlə dediyi, “Fransa zirehli transportyorları yalnız hazırkı hakimiyyətin tanınmış simalarını İrəvanda daşımaq üçün yararlıdır” sözlərini xatırlamaq və həmin fikirləri  Hindistandan göndərilən silahlara da şamil etmək  yerinə düşərdi.  Bu ifadə də yersiz deyil. Belə ki, 44 günlük müharibədə Ermənistan ordusunun istifadəsində olan Hindistan istehsalı raket sistemləri heç bir ciddi effekt verməyib. Bu isə həmin Hindistanda istehsal olunan silahların keyfiyyətsiz olmasını bir daha sübut edir. Yeri gəlmişkən qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən ay dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatına görə, Hindistan dünyanın ən çox silah idxalçısı olub, onun silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb. 

Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar  

Bəli, Hindistan mötəbər tribunalardan beynəlxalq hüquqdan danışır, Cənubi Qafqazda isə açıq-aşkar hərbi münaqişə¬nin qızışdırılması siyasətini dəstəkləyir. Qoşulmama Hərəkatının üzvü  olan Hindistanın Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlayan Ermənistanı dəstəkləməsi, ona silah-sursat satması ölkəmizdə haqlı etiraz doğurur. Dövlətimizin rəsmi şəxsləri bu istiqamət¬də etirazlarını vaxtaşırı Nyu Dehliyə çatdırırlar. Amma hələ ki, bir nəticə hasil olmur. Əksinə, hazırda Hindistanın Ermənistanla hərbi cəhətdən yaxınlaşması daha çox nəzərə çarpmaqdadır. Bütün bunlar azmış kimi, indi də Hindistan hərbi sahədə əməkdaşlıq etdiyi Ermənistana hərbi attaşe, daha doğrusu hərbi nümayəndə göndərmək fikrinə düşüb. Məlumatda bildirib ki, Hindistan silahlarının ixrac olunduğu ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe yaradılır və Ermənistana da ilk dəfə olaraq hərbi attaşe təyin edilib. Hindistan artıq Ermənistanla "Pinaka" stansiyaları, “Akaş” qısa mənzilli zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılığa gəlib. Mütəxəssislərin fikrincə, bu, iki dövlət arasında hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hesablanmış bir addımdır. 

Prezident İlham Əliyev 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda demişdir: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”